"ABŞ və İran arasında sülh ancaq bu yolla mümkündür" - AÇIQLAMA

Yaxın Şərqdə İran-ABŞ-İsrail xəttində davam edən hərbi qarşıdurma və artan gərginlik fonunda diplomatik kanalların yenidən açılması ehtimalı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Regionda baş verən proseslər təkcə təhlükəsizlik mühitinə deyil, həm də böyük güclərin siyasi strategiyasına ciddi təsir göstərir. Mövcud müharibə şəraitində tərəflər arasında birbaşa və ya dolayı təmasların mümkünlüyü xüsusi maraq doğurur.
Belə bir vəziyyətdə Amerika Birləşmiş Ştatları ilə İran arasında yaxın dövrdə birbaşa və ya dolayı danışıqların başlanması mümkündürmü? Donald Tramp administrasiyasının belə bir addım atmaq ehtimalı nə dərəcədə real görünür?
Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında danışıqlara müəyyən cəhdlər var. Onun sözlərinə görə, mövcud müharibənin davam edən danışıqlar fonunda baş verməsi bir qədər növbəti danışıqların olmasına inamı sarsıdır:

“Ancaq hər bir halda yenidən etibarlı vasitəçilərin vasitəsi ilə danışıqlar mümkündür. ABŞ və İsrailin İran siyasi və dini liderlərini sıradan çıxarması əslində onun şərtləri ilə razılaşa biləcək şəxsin ortaya çıxmasına zəmin hazırlamaq üçündür. Lakin vəfat etmiş dini liderin yerinə eynilə mühafizəkar mövqeyi ilə seçilən oğlu Müctəba Xameneinin keçməsi bir qədər vəziyyəti dəyişir. Hər halda ABŞ ilə müəyyən anlaşmazlıqların aradan qaldırılmasına nail ola biləcək yeganə şəxs Prezident Pezeşkiyandır. Fəqət Sepah və digər radikal hökumət dairələri də onun önə çıxmasına maneədir. Belə olduğu halda da danışıqlar hələ ki, real görünmür. İranda hökumət daxilində hərbi qanad siyasi qanadı üstələyir. Məlumata görə hətta ali dini rəhbər postuna gətirilən şəxsin təyin olunmamasında Sepahın ciddi təsir və ya təziqləri olub”.
Politoloq qeyd edib ki, İsrailin bu yöndə addımı olmasa da, ABŞ danışıqlara açıq olduğunu bəyan edir:
“Hər nə qədər İsrail buna meylli olmasa da, Vaşinqton öz şərtlərinin yerinə yetirilməsi zəminində razılaşa biləcəyini elan edir. Lakin İran ABŞ-nin irəli sürdüyü şərtləri bir növ intihar hesab etdiyi üçün buna razılıq vermir. Davam edən müharibə elə bir zəmin yarada bilər ki, hər iki tərəf danışıqlar masasına əyləşa müəyyən razılığa gələ bilər. İranla ABŞ arasında danışıqlara səy göstərən körfəz ölkələrini İranın vurması işıq gələn yeri bağladı. Çünki Qətər, Oman kimi ölkələr çalışırdı ki, gərginlik danışıqlarla aradan qalxsın. Ancaq hazırda yeganə yol ya vasitəsiz danışığa getmək ya da Türkiyənin vasitəsi ilə müəyyən ortam yaratmaqdır. Əgər bu da baş verməsə təbii ki, müharibənin yaratdığı vəziyyət zəminində danışıqlar mümkün ola bilər”.
Niyaz Hacıyev
Sfera.az
