ABŞ İrana qarşı sərt siyasətdən çəkinmə qərarı verdi? - "Ağır savaş..."

ABŞ İrana qarşı sərt siyasətdən çəkinmə qərarı verdi? - "Ağır savaş..."
Kateqoriya məlum deyil
T

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ administrasiyası İranın nüvə proqramı məsələsində diplomatik variantın seçilməsinə üstünlük verir. Bununla yanaşı, Vens Vaşinqton administrasiyasının İrana qarşı hərbi addım ehtimalını tam istisna etmədiyini vurğulayıb.

 

Onun sözlərinə görə, ABŞ-nin qərarı İran tərəfinin atacağı addım və verəcəyi bəyanatlardan asılı olacaq.

 

Maraqlıdır, artıq bu açıqlama ilə ABŞ İran siyasətində yumşalma ritorikası sezə bilərik? ABŞ bundan əvvəlki şərq siyasətindəki səhvləri təkrarlamamaq qərarı alıb?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, Cey Di Vens ABŞ administrasiyasında ən yumşaq siyasət tərəfdarı olan diplomatladan biridir:

 

 

“Hətta onunla Marko Rubionun Yaxın Şərqdəki siyasi mövqeləri arasında kəskin fərq mövcuddur. ABŞ əvvəldən İranla birbaşa müharibə etməkdə niyyətli olmadığı barədə açıq mesajlar vermişdi. ABŞ Prezidenti Donald Trampın ara-sıra İrana sərt notalar verməsinə baxmayaraq, ABŞ Müdafiə Nazirliyindən edilən xəbərdarlıq müharibədən yayınmanın açıq təzahürü idi. Birincisi, ABŞ Körfəz ətrafında başladacağı müharibə təkcə İranla məhdudlaşmayacaqdı”.

 

E.Ənvəroğlu müharibənin geniş miqyasda davam edərək ətrafa sürətlə yayılacağı və bunun paralelində proksi qüvvələrin də müharibəyə cəlb olunmasına səbəb ola biləcəyi ehtimalından bəhs edib:

 

“Bu isə ABŞ üçün son dərəcə ağır itkilərlə başa gələcək bir savaş olardı. Həm də rəsmi Vaşinqton nəzərə alır ki, Yaxın Şərq və Körfəz dövlətlərində ona aid hərbi bazalar da hədəfə alınma riski ilə qarşı-qarşıyadır. Burada İranın ballistik raketləri işə salması, ABŞ-nin ağır itkilərə məruz qalması və Ağ Evin sonrakı aqibəti artıq öncədən hesablanaraq nəzərə alınır. Bir sözlə, ABŞ belə bir şəraitdə emosiyalara deyil, praqmatikaya daha çox üstünlük verir. Xüsusilə Cey Di Vens, həmçinin administrasiya görür ki, İranın nüvə proqramında faiz etibarilə Yaxın Şərq ətrafında nüvə silahı təhdidinin yaranması üçün ehtimallar aşağıdır. Həm də ABŞ üçün İranla masada danışıqlar hərbi xərcləri azaltmaqla yanaşı, baş verə biləcək toqquşmada Rusiya və Çin faktorunun regionda aktivləşmə riskinin də qarşısını alır. İran ümumiyyətlə Yaxın Şərqdə Qərb qüvvələri üçün hub rolunu oynayır. İranın müharibə etməsi onun daxilində şiddətli parçalanma meydana gətirə bilər. Bu isə ABŞ müttəfiqləri, həmçinin Qərbin özü üçün sərfəli deyil.

 

Baxmayaraq ki, ABŞ-nin siyasəti Tehrandakı rejimi köklü dəyişmək olsa da, buna nail olmağın yenə də müharibə ilə başa gələcəyini də bilir. Bu səbəbdən də hələlik ABŞ ilə İran arasında mövcud durumda müharibə riski tam qaçılmaz olmasa da, aşağıdır. Yəni müharibə etmək üçün real zəmin meydana gəlməyib. İranla ABŞ arasında danışıqlar uğursuz olub. Bu da bəllidir ki, ABŞ-nin şərtləri Tehranı qane edə bilməz. Yəni açıq şərtlər Tehran hakimiyyətinin postundan devrilməsi anlamına gəlir. Həmçinin müharibə riski o zaman real olacaq ki, ABŞ-nin tələbi İran hakimiyyətini tərksilah etmək üçün küncə sıxışdırmaq olsun. Bu da ABŞ administrasiyasında kimin son hansı qərarı verəcəyindən asılıdır”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ