ABŞ Xameneini aradan götürməkdə çətinlik çəkir, yoxsa? - ŞƏRH

Dəfələrlə ABŞ rəsmiləri və qeyri-rəsmi dairələr tərəfindən İranın ali lideri Əli Xameneinin aradan qaldırılması ilə bağlı müxtəlif bəyanatlar səsləndirilir. Bu açıqlamalar beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə və narahatlığa səbəb olur.
Məsələnin reallaşma ehtimalı isə həm hərbi, həm də siyasi baxımdan mürəkkəb amillərlə müşayiət olunur. Belə bir addımın mümkün nəticələri regionda ciddi gərginlik və qarşıdurma riski yarada bilər.
ABŞ istəsə, Əli Xameneini tezliklə aradan qaldıra bilərmi, yoxsa bu, Vaşinqton üçün müşkül məsələdir? Onun öldürülməsi İranda ciddi rejim dəyişikliyi yaradarmı, ya sadəcə lider dəyişikliyi ilə nəticələnər?
Mövcud məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, ABŞ-nin dövlət siyasəti xarici liderlərə qarşı sui-qəsd yolu ilə aradan qaldırılmasını qadağan edir:

“1970-ci ildən bu yana ABŞ prezident fərmanları ilə bu siyasəti rəsmi olaraq qadağan edib. Amma buna rəğmən, ABŞ-nin bu istiqamətdə son illər istisnalara getdiyini göstərən bəzi hadisələrin baş verdiyini görürük. 2020-ci ildə İran generalı Qasim Süleymaninin öldürülməsi buna sübutdur. Lakin ABŞ bu addımı müharibə və özünümüdafiə çərçivəsində atdığını əsaslandırır. Amma burada söhbət İranın ali dini və siyasi liderini birbaşa hədəf almaqdan gedir ki, bu artıq tamamilə başqa səviyyədə təsir və əks-təsirlə nəticələnə bilər. Heç kəsə sirr deyil ki, ABŞ dünyanın ən güclü kəşfiyyat və hərbi gücünə malikdir. İran daxilində əməliyyat aparmaq ABŞ üçün texniki baxımdan mümkündür, amma bunun hansı nəticələr verəcəyi ilk növbədə sual altındadır. İkincisi, bu addım birbaşa müharibə riskini artırır və İrana beynəlxalq hüquq baxımından haqq qazandırmaq imkanı verə bilər. Üçüncüsü, belə bir vəziyyət İranın müttəfiqlərinin- İraq, Suriya, Yəmən, Livan və digər qüvvələrin regionda aktivləşməsinə səbəb ola bilər və İsrail və digər Körfəz ölkələrinin də münaqişəyə cəlb olunması ehtimalı yüksəkdir”.
Ç.Şahbazi əlavə edib ki, Hörmüz boğazında və enerji bazarında şok yaşana bilər və sair kimi ciddi fəsadlara səbəb ola bilər:
"Yəni burada siyasi və strateji nəticələr çox ağır ola bilər. Xamenei həmçinin ölkənin əsas ideoloji dayağı hesab olunan “Vilayəti-fəqih” sisteminin beynidir. Bu baxımdan, əlbəttə ki, ABŞ üçün belə bir addım atmaq müşkül məsələdir. Onun aradan qaldırılması ilk növbədə İranda, daha sonra isə şiə dünyasında ciddi etirazlara səbəb olacaq. Son dövrlərdə İran cəmiyyətində mövcud olan narazı qüvvələri müvəqqəti də olsa birləşdirə bilər. Belə olan halda rejim dəyişikliyi əvəzinə, ABŞ xalqın rejimin ətrafında birləşməsinə səbəb ola bilər. Şərq ölkələrində fərqli olaraq, ölkəyə kənardan müdaxilə edildiyi zaman bütün qüvvələr arasında milli həmrəylik daha da artır. Bundan əlavə, bir liderin ölümü rejim dəyişikliyi demək deyil. Bu səbəbdən ABŞ-nin İranın ali liderini hədəf almasının riskli olduğunu nəzərə alsaq, bu ehtimal çox zəifdir və bu istiqamətdə verilən bəyanatları sadəcə psixoloji təsir kimi dəyərləndirmək olar”.
Fidan Hacızadə
Sfera.az
