Həmrəylikdən lobbiçiliyə: Dünya azərbaycanlılarının rolu

Həmrəylikdən lobbiçiliyə: Dünya azərbaycanlılarının rolu
Kateqoriya məlum deyil
T

Qloballaşma dövründə dövlətlərin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsində diaspor faktorunun rolu getdikcə artır.

 

Sfera.az xəbər verir ki, müxtəlif ölkələrdə yaşayan soydaşların təşkilatlanması, milli kimliyin qorunması və vahid mövqedən çıxış etməsi həm siyasi, həm də informasiya müstəvisində mühüm təsir alətinə çevrilib.

 

Bu baxımdan Azərbaycan diasporunun fəaliyyəti və dünya azərbaycanlılarının həmrəyliyi milli maraqların qorunmasında strateji əhəmiyyət daşıyır.


Azərbaycan diasporunun sistemli şəkildə formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların əlaqələndirilməsi, diaspor təşkilatlarının institusional inkişafı və vahid fəaliyyət platformasının yaradılması istiqamətində layihələr həyata keçirir.


Bu proses yalnız mədəni tədbirlərlə məhdudlaşmır. Təhsil, informasiya siyasəti, ictimai diplomatiya və media fəaliyyəti diaspor quruculuğunun əsas istiqamətləri sırasında yer alır. Məqsəd – xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək və Azərbaycanın həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaqdır.


Müasir beynəlxalq münasibətlər sistemində lobbiçilik dövlətlərin maraqlarının müdafiəsində mühüm mexanizmlərdən biri hesab olunur. Güclü və təşkilatlanmış diaspor strukturları vasitəsilə qəbul edilən qərarlara təsir göstərmək, qanunverici orqanlarda və siyasi dairələrdə mövqe formalaşdırmaq mümkündür.


Azərbaycan üçün xüsusilə həssas məsələlər, ərazi bütövlüyü, regional təhlükəsizlik və informasiya müharibəsi kontekstində lobbiçilik fəaliyyətinin əhəmiyyəti daha da artır. Bu baxımdan diaspor təşkilatlarının yerli media, ekspert dairələri və siyasi institutlarla əməkdaşlığı strateji əhəmiyyət kəsb edir.


Hər il 31 dekabr tarixində qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin rəmzi kimi çıxış edir. Bu ənənənin əsası Heydər Əliyev tərəfindən qoyulub və sonrakı illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.


Həmrəylik yalnız simvolik məna daşımır.  Bu, müxtəlif ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ortaq dəyərlər ətrafında birləşməsi, milli kimliyini qoruması və Azərbaycanın maraqlarını müdafiə etməsi deməkdir. İnformasiya müharibələrinin və geosiyasi çağırışların artdığı bir dövrdə vahid mövqedən çıxış etmək xüsusi önəm daşıyır.


Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-biri ilə sıx bağlı anlayışlardır. Güclü diaspor, effektiv lobbiçilik, effektiv lobbiçilik isə beynəlxalq müstəvidə daha güclü mövqe deməkdir. Qarşıdakı dövrdə bu istiqamətdə koordinasiyalı fəaliyyətin davam etdirilməsi Azərbaycanın milli maraqlarının müdafiəsi baxımından həlledici rol oynayacaq.

 

Niyaz Hacıyev
Sfera.az


Qeyd: Yazı Medianın İnkişafı Agentliyi maliyyə dəstəyi ilə hazırlanıb. 


Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

 

PAYLAŞ