ABŞ-İran rəsmiləri bir araya gəlir - NƏLƏR YAŞANACAQ?

Fevralın 17-də Cenevrədə ABŞ və İran arasında nüvə danışıqları aparılacaq. Netanyahu ABŞ və İran arasında razılaşma perspektivlərinə yenidən şübhə ilə yanaşdığını bildirib.
İsrail təkcə İranın uran zənginləşdirmə prosesinin dayandırılmasını deyil, həm də Tehranın bütün bu kimi imkanlardan məhrum edilməsini tələb edir. ABŞ administrasiyası isə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olacağı təqdirdə İsrailə İrana zərbələrini dəstəkləyəcəyi ilə bağlı zəmanət verib.
Maraqlıdır, sabahkı görüşdə hansısa razılaşma əldə oluna bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, Cenevrədə keçiriləcək danışıqlar region və ümumilikdə beynəlxalq təhlükəsizlik sistemi üçün kritik məqamda baş tutacaq. Onun sözlərinə görə, tərəflər arasında etimad səviyyəsi aşağı olaraq qalır və mövcud gərgin fon danışıqların asan keçməyəcəyini göstərir:

"İsrailin Baş naziri Benyamin Netanyahunun sərgilədiyi mövqe prosesi daha da mürəkkəbləşdirə bilər. İsrail yalnız uranın zənginləşdirilməsinin məhdudlaşdırılmasını deyil, ümumiyyətlə İranın bu imkanlardan tam məhrum edilməsini istəyir ki, bu da rəsmi Tehranın qəbul edə biləcəyi çərçivədən xeyli kənardadır. ABŞ administrasiyası isə daha praqmatik xətt yürütməyə çalışır. Rəsmi Vaşinqton üçün əsas prioritet İranın nüvə silahına doğru real addımlar atmasının qarşısını almaqdır. Bu isə daha çox nəzarət, monitorinq və zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılması modelini ehtiva edir. Eyni zamanda, ABŞ-nin danışıqları uğursuz olarsa, İsrailə dəstək verə biləcəyi ilə bağlı siqnallar göndərməsi təzyiq mexanizminin paralel şəkildə ola biləcəyini göstərir. İranın mövqeyi isə dəyişməyib. Tehran uranın zənginləşdirilməsindən tam imtinanı qəbul etməyəcəyini dəfələrlə bəyan edib. İran üçün əsas məsələ sanksiyaların yumşaldılması və iqtisadi nəfəs imkanlarının açılmasıdır".
Politoloq qeyd edib ki, sabahkı görüşdə böyük və hərtərəfli sazişin əldə olunması ehtimalı aşağıdır:
"Daha real ssenari kimi, tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəlməsi və texniki səviyyədə danışıqları genişləndirməsi görünür. Bu cür model əvvəlki illərdə də tətbiq olunub və tərəflər arasında vaxt qazanmaq rolunu oynayıb. Əgər heç bir irəliləyiş əldə olunmasa, risklər sürətlə artacaq. İsrailin hərbi variantı gündəmdə saxlaması və ABŞ-nin buna dolayı dəstək siqnalları verməsi regionda yeni eskalasiya mərhələsinə yol aça bilər. Bu isə yalnız İran və İsrail üçün deyil, bütün Yaxın Şərq üçün təhlükəli nəticələr doğurar. Zənnimcə, sabahkı görüşdən inqilabi dönüş gözləmək real deyil. Lakin tərəflərin bir-birindən tam qopmaqdan yayınması və diplomatik kanalların açıq qalması belə indiki mərhələdə müsbət nəticə sayılır".
Firuzə Əliyeva
Sfera.az
