Strateji Dönüş: Azərbaycan və ABŞ arasında Yeni SƏHİFƏ

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Son illərdə regional və qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər, enerji bazarlarında transformasiya, Orta Dəhlizin əhəmiyyətinin artması və Cənubi Qafqazda post-münaqişə reallıqlarının formalaşması fonunda bu sənəd xüsusi diqqət çəkir.
Vaşinqtonla Bakı arasında əməkdaşlıq indiyədək əsasən enerji təhlükəsizliyi və strateji sabitlik üzərində qurulmuşdu. Lakin yeni Xartiya münasibətlərin yalnız mövcud istiqamətlər üzrə davamı deyil, həm də onların keyfiyyətcə fərqli mərhələyə keçidi kimi dəyərləndirilir. Sənəd həm siyasi, həm iqtisadi, həm də texnoloji sahələri əhatə etməklə, tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirməyi hədəfləyir.
Bu kontekstdə əsas sual yaranır: Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ üçün konkret olaraq hansı yeni imkanlar və dəyişikliklər vəd edir? Sənəd regionun geosiyasi balansına və Azərbaycanın beynəlxalq mövqeyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyi bildirib ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya sıradan diplomatik sənəd deyil.

Onun sözlərinə görə, bu sənəd, əslində, son 30 ildə formalaşmış enerji əməkdaşlığının üzərində qurulan münasibətlərin yeni mərhələyə, ilk növbədə geosiyasi, texnoloji və təhlükəsizlik platformasına keçidini rəsmiləşdirir:
“Xartiya mətninin strukturu göstərir ki, tərəflər münasibətləri yalnız siyasi bəyanatlar səviyyəsində deyil, institusional, iqtisadi və texnoloji mexanizmlər üzərində qurmağa qərarlıdırlar. Bu sənəd Azərbaycan üçün regionda rolunun yenidən təsdiqi, ABŞ üçün isə Cənubi Qafqazda dəyişən reallıqlara uyğun yeni dayaq nöqtəsinin formalaşdırılması deməkdir. Xartiyanın giriş hissəsində tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləməsi post-münaqişə mərhələsinə daxil olmuş Cənubi Qafqaz üçün siyasi çərçivənin müəyyənləşdirilməsidir.
ABŞ ilk dəfə olaraq Orta Dəhlizi və xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək TRIPP layihəsini açıq şəkildə strateji əhəmiyyətli multimodal marşrut kimi qəbul edir. Bu, faktiki olaraq Zəngəzur bağlantısının beynəlxalq legitimlik qazanması, Azərbaycanın regional tranzit mərkəzi kimi rolunun ABŞ tərəfindən rəsmən tanınması, Cənubi Qafqazın logistika xəritəsinin yenidən cızılması deməkdir. Bu yanaşma göstərir ki, ABŞ regiona artıq münaqişə prizmasından deyil, bağlantı və ticarət prizmasından baxır.
Azərbaycan-ABŞ münasibətləri uzun illər Əsrin Müqaviləsi və Cənub Qaz Dəhlizi üzərində qurulmuşdu. Xartiya isə bu xətti genişləndirərək enerji əməkdaşlığını elektrik interkonnektorları, mülki nüvə əməkdaşlığı, kritik mineralların tranziti, rəqəmsal və data bağlantıları ilə tamamlayır.
Bu, enerji diplomatiyasının texnoloji diplomatiya ilə əvəz olunmasının göstəricisidir. Azərbaycan artıq yalnız karbohidrogen ixrac edən ölkə kimi deyil, enerji, data və logistikanın kəsişdiyi geoiqtisadi platforma kimi təqdim olunur”.
Millət vəkili qeyd edib ki, sənədin ən diqqətçəkən tərəfi II Bölmədə yer alan AI tərəfdaşlığı, data mərkəzləri, "R&D" mexanizmləri, innovasiya körpüləri və kibertəhlükəsizlik istiqamətləridir:
“Bu, Azərbaycan üçün tamamilə yeni mərhələdir. ABŞ texnologiyalarının Azərbaycanda tətbiqi, özəl sektorun cəlb olunması ilə data mərkəzlərinin yaradılması, texnologiyanın könüllü ötürülməsi mexanizmləri, texnoloji işçi qüvvəsinin formalaşdırılması Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini sürətləndirə biləcək real mexanizmlər təqdim edir.
ABŞ üçün isə bu, Çin və digər rəqiblərin regionda rəqəmsal təsirinin balanslaşdırılması deməkdir.
Xartiya müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığı, kibertəhlükəsizlik və humanitar minatəmizlənmə sahələrini xüsusi vurğulayır. Bu, iki mühüm nəticə yaradır: Azərbaycan ABŞ üçün etibarlı təhlükəsizlik tərəfdaşı kimi təsbit olunur, ABŞ post-müharibə mərhələsində Azərbaycanın mina probleminin həllinə texnologiya və maliyyə ilə cəlb olunur. Bu, humanitar məsələ olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin iqtisadi dövriyyəyə daxil edilməsi üçün həyati əhəmiyyət daşıyır. Xartiya boyunca dəfələrlə vurğulanan əsas məqam prosesə özəl sektorun cəlb olunmasıdır. Bu, sənədi klassik dövlətlərarası razılaşmadan fərqləndirir.
Burada məqsəd ABŞ sərmayəsinin Azərbaycana yönəlməsi, Azərbaycan biznes mühitinin qlobal iqtisadiyyata inteqrasiyası, innovasiya və texnologiyanın bazar mexanizmləri ilə inkişafıdır. Bu yanaşma Azərbaycanın iqtisadi modelinə uyğun gəlir və onu regionun texnoloji-investisiya qovşağına çevirə bilər.
Xartiyanın ən praktik tərəfi işçi qruplarının yaradılması, üç ay ərzində yol xəritələrinin hazırlanması və illik görüş mexanizmidir. Bu, sənədin kağız üzərində qalmaması üçün nəzərdə tutulmuş idarəetmə mexanizmidir. Bu Xartiya Azərbaycanın suverenliyinin və regiondakı aparıcı rolunun ABŞ tərəfindən açıq şəkildə tanınması, Orta Dəhlizin və Naxçıvanla maneəsiz əlaqənin beynəlxalq səviyyədə legitimləşməsi, enerji tərəfdaşlığından texnoloji tərəfdaşlığa keçiddir”.
E.Mirzəbəyli vurğulayıb ki, Xartiya Azərbaycanın rəqəmsal və AI mərkəzinə çevrilməsi üçün imkanlar yaradır, təhlükəsizlik sahəsində yeni mərhələ açır, dövlət-özəl sektor əməkdaşlığı üzərində qurulan yeni iqtisadi platforma formalaşdırır:
“ABŞ üçün bu sənəd Cənubi Qafqazda dəyişən reallıqlara uyğunlaşma, Azərbaycan üçün isə regional gücdən qlobal geoiqtisadi aktora keçid imkanıdır. Strateji Tərəfdaşlıq Xartiyası, əslində, iki ölkə arasında münasibətlərin starteji səviyyəsini müəyyənləşdirən sənəd olmaqla yanaşı, Cənubi Qafqazın gələcək geosiyasi və geoiqtisadi xəritəsinin konturlarını dəqiqləşdirən yol xəritəsi kimi də qiymətləndirilə bilər”.
Firuzə Əliyeva
Sfera.az
