Vensin Azərbaycan səfərindən sonra hansı yeniliklər olacaq? - AÇIQLAMA

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vens Ermənistan səfərindən sonra Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Vens Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşü zamanı bildirib ki, onlar ABŞ ilə əməkdaşlığa və dostluğa görə Azərbaycana təşəkkür etmək məqsədilə Bakıda səfərdədirlər.
Maraqlıdır, Vensin Azərbaycan və Ermənistan səfərindən sonra yekun sülh sürətlənə Zəngəzur dəhlizi ilə bağlı irəlilləyişlər ola bilərmi?
Sfera.az-a bununla bağlı açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar ABŞ vitse-prezidenti Ceyms Vensin səfərinin rəsmi Vaşinqtonun prosesləri diqqətdə saxladığını ortaya qoyduğunu deyib.

Onun sözlərinə görə, ABŞ rəsmisinin Bakıdakı bəyanatında əməkdaşlıq və dostluğa görə təşəkkür etməsi ABŞ-Azərbaycan münasibətlərinin strateji mahiyyət daşıdığını və Rəsmi Vaşinqtonun Bakını regionda əsas tərəfdaşlardan biri kimi gördüyünü göstərir:
“ABŞ üçün əsas prioritet regionda davamlı sabitliyin təmin olunması və nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Bu isə həm enerji təhlükəsizliyi, həm də Avrasiya bağlantıları baxımından əhəmiyyətlidir. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə, Azərbaycan 2020-ci ildən bəri regionda bütün kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edir. ABŞ-nin prosesə fəal qoşulması İrəvan üzərində müəyyən diplomatik təsir mexanizmlərini gücləndirə bilər. Lakin məqsəd təkcə bir dəhlizin açılması deyil, ümumi regional inteqrasiyanın təşviqidir”.
Ü.Zülfiqar bu kontekstdə TRİPP layihəsinin təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Orta Dəhliz layihəsi və Avropa-Asiya bağlantıları üçün strateji əhəmiyyət kəsb etdiyini əlavə edib:
“Vensin səfəri sülh prosesinə əlavə diplomatik impuls verə bilər. Əgər Ermənistan regionda açıq kommunikasiyaların uzunmüddətli iqtisadi dividendlərini düzgün qiymətləndirərsə, yaxın aylarda müəyyən texniki və hüquqi irəliləyişlərin şahidi olmaq mümkündür. ABŞ-nin bu mərhələdə rolu isə prosesi sürətləndirmək və tərəfləri razılaşmaya doğru yönəltmək kimi şərh oluna bilər deyə düşünürəm”.
Fidan Hacızadə
Sfera.az
