İrandan müsbət mesaj: ABŞ-lə danışıqlar uğurlu alınıb?

İranın nüvə proqramı ətrafında illərdir davam edən gərginlik fonunda ABŞ ilə aparılan danışıqlar region və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Xüsusilə Yaxın Şərqdə təhlükəsizlik balansının həssas olduğu bir mərhələdə Tehranın Vaşinqtonla dolayı da olsa dialoqa qayıtması diplomatik proseslər baxımından mühüm hadisə kimi qiymətləndirilib.
Bu baxımdan fevralın 6-da Omanda ABŞ ilə İran arasında keçirilən danışıqlar təkcə iki ölkə arasında münasibətlərin gələcəyi deyil, həm də regiondakı geosiyasi sabitlik üçün əhəmiyyət daşıyır. Məhz bu kontekstdə İranın xarici işlər naziri Abbas Əraqçinin Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqları zamanı görüşləri “yaxşı başlanğıc” kimi dəyərləndirməsi diqqət çəkib. Əraqçi vurğulayıb ki, danışıqların əsas məqsədlərindən biri ABŞ-nin niyyət və məqsədləri ilə bağlı mövcud inamsızlığın aradan qaldırılmasıdır. Bu isə tərəflər arasında hələlik konkret razılaşmadan daha çox, etimadın formalaşdırılması mərhələsinin ön planda olduğunu göstərib.
Burada diqqət çəkən məqam “yaxşı başlanğıc” ifadəsidir. Maraqlıdır, “yaxşı başlanğıc” adlandırılan bu mərhələ real və hərtərəfli razılaşmaya gedən yolun başlanğıcıdır, yoxsa tərəflərin mövqelərini yoxladığı diplomatik taktiki addımdır?
Sfera.az-a bu haqda açıqlama verən politoloq, diplomat Fikrət Sadıqovun sözlərinə görə, yaxşı başlanğıc ondan ibarətdir ki, danışıqlara start verilib və ABŞ ilə İran arasında vasitəçi qismində Oman çıxış edib:

“Əslində bu, birbaşa danışıqlar deyil. Amma əlbəttə ki, müsbət bir amildir. Danışıqlar olmalıdır, xüsusilə də belə gərgin vəziyyət yarananda. Amma bu, heç də o demək deyil ki, tərəflər yaxın gələcəkdə bir araya gələcəklər və hər iki tərəfin maraqlarına cavab verən bir saziş imzalanacaq. Vəziyyət çox mürəkkəbdir. Amerikanın İrana qarşı bir sıra şərtləri və tələbləri var. O cümlədən nüvə proqramında zənginləşdirmə məsələsi, ballistik raketlərin ləğvi, yəni onların istifadə olunma imkanlarının minimuma endirilməsi və digər ölkələrdə, xüsusilə də ərəb ölkələrində İranın proksi qüvvələrinə dəstəkdən imtina etməsi tələbi var”.
Politoloq bütün bunların çox sərt şərtlər olduğunu və İranın bu məsələlərlə razılaşmayacağını, əməl etməyəcəyini vurğulayıb:
“Danışıqlar davam edəcək, hər bir tərəf öz şərtlərini və tələblərini irəli sürəcək. Amma ABŞ qəti şəkildə bəyan edib ki, bu danışıqlar yaxın zamanda müəyyən bir razılaşma ilə nəticələnməsə, güc vasitəsindən mütləq istifadə olunacaq. Bunu dəfələrlə ABŞ Prezidenti Donald Tramp bəyan edib və jurnalistlərə verdiyi cavablarda səsləndirib. Yəni bu məsələdə yaxın gələcəkdə hansısa bir sazişin imzalanmasının gözlənilən olduğunu düşünmürəm”.
Bəsti Rəfizadə
Sfera.az
