İran XİN ABŞ-ni təhdid etdi

ABŞ İrana qarşı hərbi hücum həyata keçirərsə, Tehran regionda yerləşən Amerika hərbi bazalarına zərbə endirə bilər.
Sfera.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçə Qətərin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Vaşinqtonun mümkün hücumu cavabsız qalmayacaq.
“Əgər ABŞ bizə hücum edərsə, biz Amerika ərazisini deyil, regiondakı ABŞ bazalarını hədəf alacağıq”, – deyə Əraqçə vurğulayıb.
Xatırladaq ki, yanvarın 26-da ABŞ prezidenti Donald Tramp İrana doğru “nəhəng bir armada”nın hərəkət etdiyini açıqlayıb. O, Tehranın danışıqlar masasına qayıdaraq nüvə silahlarından tamamilə imtina etməsini nəzərdə tutan “ədalətli və bərabər” razılaşmaya razılıq verəcəyinə ümid etdiyini bildirib. Donald Tramp həmçinin qeyd edib ki, ABŞ 2025-ci ilin iyun ayında İslam Respublikasındakı nüvə obyektlərinə qarşı “Gecəyarısı Çəkic Əməliyyatı” adlanan hücumlar həyata keçirib. Amerika lideri növbəti mümkün hücumun “daha da ağır nəticələrə səbəb ola biləcəyi” barədə xəbərdarlıq edərək, Tehrana bunun qarşısını almaq çağırışı edib.
Niyaz Hacıyev
Sfera.az
