D vitamini arıqlamağa mane olur? - Mütəxəssisdən CAVAB

D vitamini arıqlamağa mane olur? - Mütəxəssisdən CAVAB
Kateqoriya məlum deyil
T

Son illər D vitamini ilə bağlı müzakirələr xeyli artıb.

Xüsusilə analizlər zamanı bu vitaminin çatışmazlığının tez-tez aşkarlanması onun ətrafında müxtəlif fikirlərin və miflərin yaranmasına səbəb olub.

Bəs D vitamini həqiqətən niyə bu qədər vacibdir, onun azlığı arıqlamağa mane olurmu və niyə günəşli ölkələrdə yaşayan insanlarda belə çatışmazlıq müşahidə edilir?


Mövzu ilə bağlı Sfera.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Elnur Nematov bildirib ki, D vitamini təkcə sümüklərin sağlamlığı üçün deyil, orqanizmin ümumi fəaliyyəti baxımından da mühüm rol oynayır:


"D vitamini hormon kimi fəaliyyət göstərən maddədir. Orqanizmin demək olar ki, bütün hüceyrələrində onun reseptorları mövcuddur. Buna görə də o, təkcə sümüklərə deyil, immun sisteminə, əzələlərə, beyinə, ürəyə və maddələr mübadiləsinə də təsir göstərir. D vitamininin sintezi günəşdən gələn UVB şüaları ilə başlayır, daha sonra qaraciyər və böyrəklərdə aktiv formaya çevrilir. Buna görə yalnız günəş altında olmaq kifayət etmir. Həmçinin D vitamininin yalnız əllərdən sintez olunduğu barədə yayılan fikir tamamilə mifdir. Əsas amil günəş şüalarının düşdüyü açıq dəri səthinin miqdarıdır".


Mütəxəssis bildirib ki, artıq çəkili insanlarda D vitamini çatışmazlığına daha çox rast gəlinməsi təsadüfi deyil:


"D vitamini yağda həll olan vitamindir. Piy toxuması onun bir hissəsini özündə saxladığı üçün qanda dövr edən D vitamininin səviyyəsi aşağı düşür. Bu səbəbdən artıq çəkisi olan insanlarda çatışmazlıq daha çox müşahidə edilir. D vitamini azlığı arıqlamağı qeyri-mümkün etmir, lakin yorğunluq, əzələ zəifliyi və fiziki aktivliyin azalması səbəbindən prosesi çətinləşdirə bilər. Bununla belə, D vitamini arıqladan vasitə deyil. Arıqlamağın əsasını balanslı qidalanma, kalori balansı, fiziki aktivlik və sağlam həyat tərzi təşkil edir".


Elnur Nematovun sözlərinə görə, D vitamini çatışmazlığının geniş yayılmasının əsas səbəblərindən biri insanların həyat tərzinin dəyişməsidir:


"Bu gün insanların böyük hissəsi gününü qapalı məkanlarda keçirir. Günəşli ölkədə yaşasaq da, günəşli həyat yaşamırıq. Bundan başqa, yaş, artıq çəki, bəzi xəstəliklər, istifadə olunan dərmanlar, qidalanma vərdişləri və ətraf mühit faktorları da D vitamini səviyyəsinə təsir göstərir. D vitamini nə bütün problemlərin səbəbi, nə də möcüzə yaradan vasitədir. Onu özbaşına qəbul etmək olmaz. Əvvəlcə analiz verilməli, daha sonra isə preparatlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir. Sağlamlığın əsasında balanslı qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu dayanır".

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ