Dondurma yeyərkən diqqətli olun – Allergiya yarada bilər

Dondurma yeyərkən diqqətli olun – Allergiya yarada bilər
Kateqoriya məlum deyil
T

Yay mövsümündə ən çox istehlak olunan qidalardan biri də dondurmadır. Xüsusilə uşaqların bu məhsula böyük maraq göstərməsi marketlərdə satılan dondurmaların onlar üçün nə dərəcədə uyğun və təhlükəsiz olması məsələsini aktuallaşdırır.

Bəs valideynlər uşaqları üçün dondurma alarkən hansı məqamlara diqqət etməlidir? Marketlərdə satılan dondurmaların tərkibi və keyfiyyəti nə dərəcədə etibarlıdır?

Sfera.az-a bu haqda açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova keyfiyyətli dondurmanın tərkibi haqqında məlumat verib:

“Keyfiyyətli, təbii dondurmanın tərkibində daha çox süd, qaymaq, müəyyən miqdarda təbii şəkər, eyni zamanda təbii meyvələrdən və kakaodan istifadə olunmalıdır. Bu məhsullardan istifadə edilirsə, həmin dondurmanın qiyməti də istifadə olunan xammalın dəyərinə uyğun hesablanır. Lakin bu gün satışda ucuz dondurmalar da var ki, onların tərkibində süd yağı və qaymaq əvəzinə daha çox bitki yağlarından, təbii dadlandırıcı meyvələr əvəzinə isə aromatizatorlardan və kimyəvi rəngləndiricilərdən istifadə olunur. Eyni zamanda, bəzən şəkər əvəzinə daha çox siroplardan istifadə edilir. Qatılaşdırmaq, qaymaq və yağlılıq vermək üçün isə stabilizatorlardan və emulqatorlardan istifadə olunur. Bəzən təbii süd əvəzinə süd tozundan da istifadə edilir. Belə olan halda həmin dondurmalar daha ucuz qiymətə satılır. Ancaq nəzərə almaq lazımdır ki, davamlı olaraq bu cür ucuz dondurmaları istifadə edən insanlarda, xüsusilə də istifadə olunan bitki yağları keyfiyyətsiz olduğu halda, ürək-damar xəstəlikləri riskinin artması, xolesterin səviyyəsinin yüksəlməsi müşahidə oluna bilər. Eyni zamanda kimyəvi maddələrdən qaynaqlanan allergik reaksiyalar, uşaqlarda allergiya və bəzi hallarda hiperaktivlik halları yarana bilər. Ucuz şirinləşdiricilərdən istifadə edildikdə isə insulin müqavimətinin dəyişməsi və qaraciyər piylənməsi kimi hallar baş verə bilər”.

Mütəxəssis keyfiyyətsiz dondurma istehlak edən şəxslərdə hansı problemlərin yarana biləcəyini izah edib:

“Təbii süddə daha çox kalsium və qida dəyəri olduğu üçün süd tozundan istifadə edilən dondurmaların qida dəyəri də aşağı olur və həmin məhsullarda kalsium miqdarı daha az olur. Eyni zamanda, bu kimi qidaları qəbul etdikdə qısamüddətli şişkinlik, köp, qəbizlik, bəzən dəridə səpkilər, qızartılar və qaşınmalar baş verə bilər. İnsanlar isə bəzən bu halların nədən qaynaqlandığını bilmirlər. Buna görə də mənşəyi bəlli olmayan, rəf ömrü uzun olan, tərkibində konservantlar, stabilizatorlar, emulqatorlar və digər kimyəvi maddələr istifadə edilən ucuz dondurmaların gündəlik istifadəsi tövsiyə olunmur. Dondurma alarkən mütləq şəkildə onun tərkibinə baxmaq lazımdır. Tərkibi nə qədər sadədirsə və istifadə olunan məhsullar nə qədər təbiidirsə, süd yağı, qaymaq, süd və şəkərdən hazırlanırsa, belə dondurmalara üstünlük vermək lazımdır. Eyni zamanda etiket məlumatlarını diqqətlə oxumaq vacibdir. Tərkibi ilə yanaşı, məhsulun saxlanma şəraitinə də diqqət edilməlidir. Paketin tamlığı pozulmamalı, zədələnmiş olmamalı, üzərindəki yazılar aydın oxunmalı, istehsal tarixi və son istifadə tarixi göstərilməlidir. Əgər bütün bu şərtlər qorunursa, dondurma son istifadə tarixinə qədər - 18 dərəcə və ya daha aşağı temperaturda öz keyfiyyətini saxlaya bilər. Lakin məhsul daha yüksək temperaturda saxlanılıbsa və ya formasını itiribsə, bu, onun temperatur dəyişikliklərinə məruz qaldığını göstərə bilər. Buna görə də belə məhsulları alarkən diqqətli olmaq lazımdır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ