Qulaqlıqlar beyin şişi yaradır? - TƏDQİQAT

“AirPods” və digər simsiz qulaqlıqların insan sağlamlığına təsiri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə bu cihazların yaydığı radiasiyanın təhlükəli olub-olmaması sosial şəbəkələrdə və elmi dairələrdə geniş mübahisə doğurur.
Sfera.az xəbər verir ki, “AirPods Bluetooth”texnologiyası vasitəsilə qeyri-ionlaşdırıcı radiotezlik radiasiyası yayır. Bu, mobil telefonların da yaydığı eyni növ radiasiyadır. Ümumdünya Səhiyyə Təşkilatı bu növ radiasiyanı “mümkün karsinogen” (Class 2B) kimi qiymətləndirir. Mövzu ilə bağlı narahatlıqlar yeni deyil. 2015-ci ildə 250-dən çox alim simsiz cihazlardan yayılan elektromaqnit sahələrinin mümkün riskləri ilə bağlı petisiyaya imza ataraq xəbərdarlıq edib.
Həmin alimlər müxtəlif elmi araşdırmalara istinad edərək bu sahələrin DNT zədələnməsi, oksidləşdirici stres və yaddaş pozuntuları ilə əlaqəli ola biləcəyini vurğulayıblar. Buna baxmayaraq, indiyə qədər aparılan genişmiqyaslı insan araşdırmaları simsiz cihazlarla beyin xərçəngi arasında birbaşa əlaqəni təsdiqləməyib. Danimarkada 420 min 95 mobil telefon istifadəçisi üzərində aparılan araşdırmada xərçəng riskində artım qeydə alınmayıb. 2021-ci ildə 14 ölkədə beyin şişi diaqnozu qoyulmuş 899 uşaq üzərində aparılan tədqiqatda da simsiz telefon istifadəsi ilə xəstəlik arasında səbəb-nəticə əlaqəsi aşkarlanmayıb. Bildirilir ki, “AirPods”ların yaydığı radiasiya mobil telefonlarla müqayisədə xeyli zəifdir.
Məlumatlara görə, bu göstərici telefonlardan təxminən 10-400 dəfə daha azdır. “Apple” isə cihazların mövcud təhlükəsizlik limitlərindən iki dəfədən də çox aşağı səviyyədə işlədiyini bildirir. ÜST-nin mövqeyi də diqqət çəkir. Təşkilatın qiymətləndirməsinə əsasən, “AirPods” kimi cihazlarda istifadə olunan aşağı səviyyəli elektromaqnit sahələrinin xərçəngə səbəb olduğunu təsdiqləyən sübut yoxdur. Bununla belə, “Bluetooth” qulaqlıqların nisbətən yeni texnologiya olduğunu və onların uzunmüddətli təsirləri ilə bağlı konkret insan məlumatlarının hələ kifayət qədər olmadığını da xatırladırlar. Narahat olan şəxslərə isə sadə ehtiyat tədbirləri tövsiyə olunur. Bunlara vaxtaşırı simli qulaqlıqlardan istifadə etmək, 60/60 qaydasına əməl etmək-yəni maksimum 60 faiz səs səviyyəsində maksimum 60 dəqiqə istifadə etmək və qulaqlara fasilə vermək daxildir.
Fidan Hacızadə
Sfera.az
