Üzərlik təhlükəlidir?: "Psixoloji dəyişikliklər yaradır"

Üzərlik təhlükəlidir?: "Psixoloji dəyişikliklər yaradır"
Kateqoriya məlum deyil
T

Səhiyyə Nazirliyi və "Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, üzərlik bitkisi Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmasa da, Rusiya Cinayət Məcəlləsinə görə bu bitkinin ölkə ərazisinə daşınması ciddi cinayət məsuliyyəti yarada bilər. Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkədə nəzarətə alınan maddələr siyahısına daxil edilib.


Bəs bu bitkinin həqiqətənmi narkotik təsiri var?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixologiya üzrə fəlsəfə doktoru, asılılıq üzrə mütəxəssis Ramin Allahverdiyev bildirib ki, “Peganum harmala” (üzərlik) Azərbaycan qanunvericiliyinə uyğun olaraq narkotik tərkibli maddələr siyahısına daxil edilməyib:

 


“Amma Rusiya Cinayət Məcəlləsinə əsasən bu bitkinin satışı, daşınması və istifadəsi qadağandır. Bu, hüquqi tərəfidir. Bir psixoloq və psixoterapevt kimi isə qeyd edə bilərəm ki, akademik məqalələrdə və təcrübədə üzərlik istifadəsi zamanı şəxsdə bir sıra psixoloji dəyişikliklərin üzə çıxdığını görürük. Bunun əsas səbəbi bitkinin tərkibindəki harmalin, harmin və tetrahidroharmin kimi alkaloidlərin mövcudluğudur”.


Mütəxəssisin sözlərinə görə, istifadə zamanı şüur dəyişikliyi, hallüsinasiyalar, həyəcan, ürəkbulanma, sensor qavrayışda dəyişikliklər və qısamüddətli eyforiya vəziyyəti müşahidə oluna bilər. Bu isə asılılıq prosesinin başlanmasına təkan verə bilər.


Ramin Allahverdiyev həmçinin vurğulayıb ki, üzərliyin yüksək dərəcədə istifadəsi zəhərlənmə riski yaradır:


“Bəzən medikamentoz müalicə alan pasiyentlərə xəbərdarlıq edilir ki, müəyyən dərmanları qəbul edərkən üzərlik yandırıb tüstüsünü iyləmək olmaz. Çünki bu, orqanizmdə ciddi fəsadlara və zəhərlənmələrə səbəb ola bilər. İndiyədək pasiyentlərimiz arasında üzərliyə görə asılılıq yaşayan bir vətəndaşla qarşılaşmamışıq, lakin son tədqiqatlar insan psixikasında dəyişikliklər yaratmasının real olduğunu göstərir”.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ