Soyuq hava nə üçün depressiya yaradır? - Psixoloqdan CAVAB

Soyuq və tutqun hava şəraiti bir çox insanda ruh düşkünlüyü və enerjisizlik hissi yaradır. Günəş işığının azalması, qısa günlər və sosial aktivliyin məhdudlaşması psixoloji vəziyyətə birbaşa təsir göstərir.
Bu amillər havanın insan psixologiyası ilə nə qədər sıx əlaqəli olduğunu bir daha gündəmə gətirir.
Soyuq hava şəraiti niyə insanlarda depressiv əhval yaradır? Havanın psixologiyaya təsiri necəsidir?
Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Nizami Orucov soyuq və tutqun hava şəraitinin insanlarda ruh düşkünlüyü yaratması psixoloji və bioloji səbəblərlə bağlı olduğunu deyib:

“Günəş işığı azaldıqda beyində serotonin adlı “yaxşı hiss” hormonu da azalır. Serotonin səviyyəsi düşəndə insan daha tez yorulur, motivasiyası azalır, əhval-ruhiyyə aşağı düşür. Eyni zamanda qaranlıq saatların artması melatonin hormonunun çox ifrazına səbəb olur ki, bu da yuxululuq və enerjisizlik yaradır”.
Psixoloq havanın psixologiyaya təsirinin düşündüyümüzdən daha güclü olduğunu vurğulayıb:
“Günəşli havalarda insanlar daha sosial, açıq və aktiv olurlar, soyuq və boz havalarda isə özünəqapanma, tənbəllik və tək qalmaq istəyi artır. Sosial aktivliyin azalması, evdə daha çox qalmaq da bu əhvalı dərinləşdirir. Xüsusilə həssas, narahatlığa və ya depressiyaya meyilli insanlarda bu təsir daha kəskin hiss olunur. Burada vacib məqam odur ki, hava şəraiti birbaşa depressiya yaratmır, amma mövcud psixoloji zəiflikləri üzə çıxarır. Bu dövrlərdə gündəlik rejimi qorumaq, açıq havada qısa da olsa gəzmək, fiziki hərəkəti artırmaq və sosial əlaqəni tam kəsməmək psixoloji tarazlığı qorumağa kömək edir”.
Fidan Hacızadə
Sfera.az
