Narkotikə qurşanan əsas gənclərdir - Psixoloq

Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi “Azərbaycanda hüquqpozmalar” məcmuəsinə əsasən, 2024-cü ildə 4 967 nəfər narkomaniya səbəbilə ilk dəfə xəstə kimi qeydiyyata alınıb. Bu göstərici 2023-cü ildə 3 796, 2020-ci ildə isə 2 723 nəfər olub. Ötən il ölkə üzrə ümumilikdə 40 490 nəfər narkomaniya ilə əlaqədar tibb müəssisələrində qeydiyyatda olub ki, bu da 2023-cü illə müqayisədə 3 831 nəfər çoxdur.
Qeyd olunanlar yalnız rəsmi statistikanı əhatə edir. Təbii ki, qeydiyyata düşməyənlər də var. Onları da nəzərə alsaq narkomaniyadan əziyyət çəkənlərin daha çox olduğu anlaşılır.
Bəs narkotik istifadəçilərinin sayında müşahidə olunan bu artımın əsas səbəbləri nələrdir? Post-pandemiya dövründə artan stress, psixoloji gərginlik və sosial travmalar asılılıq hallarının çoxalmasına təsir göstərə bilərmi?
Psixoloq Elbrus Kəlbiyev Sfera.az-a açıqlamasında bildirib ki, insanın narkotik maddə qəbul etməsi intihar etməsi deməkdir. Onun sözlərinə görə, sadəcə bu intihar bir anın içində yox, tədricən, amma çox da uzun bir müddət keçmədən baş verir:
“Hər kəs bunu nəzəri cəhətdən bilir, lakin hər kəs bunu dərindən hiss etmir, anlamır. Nəyisə bilmək, bu barədə eşitmək, qonşuda görmək hələ bunu anlamaq mənasına gəlmir. Bunu tam olaraq anlamaq üçün gənclərdə hələ uşaq yaşlarından intizam, məsuliyyət, güclü xarakter, təsəvvür etmə qabiliyyəti, özünə, ətrafa hörmət kimi bir çox yüksək mənəvi keyfiyyətlər formalaşmalıdır. Tənqidi təfəkkürü inkişaf etməlidir. Bunun üçün də tərbiyyənin elmi əsaslı müxtəlif forma və metodları var ki, əfsuslar olsun valideynlərin və hətta bir çox müəllimin bundan xəbəri yoxdur. Narkotikə qurşanan əsasən gənclərdir. Gənc, yeniyetmə yaşlarında isə insan həyatı dərin mənada dərk etmir. Özünü həm mənəvi, həm də fiziki cəhətdən çox sevmir. Həyat ona çox rahat, ağrısız, acısız, uzun, heç zaman bitməyəcək bir yol kimi görünür. Hələ fiziki sağlam olduğu üçün xəstələrin və o cümlədən narkomanların çəkdiyi ağrıları nə hiss edir, nə də təsəvvür edə bilir. Ona görə də gənclər narkotik qəbul etməyə çox rahatlıqla başlaya bilirlər. Bu işdə ən həssas və əsas nöqtə başlanğıc və ondan sonra cəmi bir neçə addımdır. Orqanizmdə baş verən bio-kimyəvi proseslərdən sonra geri dönmək çox çətin və əksər hallarda mümkün olmur”.

Psixoloq qeyd edib ki, narkomaniya nə stress, nə də post-pandemiya dövrünün yaratdığı psixoloji zədələr nəticəsində artmayıb:
“Narkomaniya sürətlə artan bir yoluxucu xəstəlikdir, amma hava və damcı yolu ilə yoluxmur; sadəcə bir gün dost bildiyin şəxsin təklifi ilə tutulursan. Əgər gəncin ətrafında bir və ya bir neçə tanışı, dostu narkomandırsa, onun da bu yola düşmə ehtimalı gec, ya da tez çox yüksəkdir. Ona görə də aparılan maarifləndirmə tədbirlərini çox effektiv hesab etmirəm. Ən effektiv yol dövlət tərəfindən həyata keçiriləcək sərt tədbirlərdir. Gənclərin üzərində valideyn və müəllim nəzarəti artırılmalıdır. Valideynlər uşaqlara, yeniyetmə və gənc yaşlarında övladlarına ciddi nəzarət etməli, onları bu bəladan bacardıqları qədər uzaq tutmalıdırlar. Narkomaniyanın ən çox yayıldığı regionlar və ərazilər məlumdur; bu ərazilərdə və ümumilikdə bütün ölkədə narkomaniyaya qarşı çox sərt polis nəzarəti olmalıdır”.
Niyaz Hacıyev
Sfera.az
