Körpələrin yuxu cədvəli olmalıdırmı? – Yeni yanaşma narahatçılıq yaradır

Körpələrin yuxu cədvəli olmalıdırmı? – Yeni yanaşma narahatçılıq yaradır
Kateqoriya məlum deyil
T

Son illər gənc analar arasında belə bir yanaşma formalaşıb: körpə hər gün eyni saatda yatmalı və eyni saatda oyanmalıdır. Bu prinsipə uyğun olaraq bəzi valideynlər körpəni vaxtından əvvəl yuxuya gedəndə oyadır, bəziləri isə yuxusu gəlmədiyi halda uşağı zorla yatızdırmağa çalışır. Sosial şəbəkələrdə “ideal yuxu cədvəli” kimi təqdim edilən bu yanaşmalar analarda narahatlıq və günahkarlıq hissi yaradır.


Bəs körpənin bioloji ritmi saat rejiminə tabe edilməlidirmi, yoxsa bu cür müdaxilələr uşağın fiziki və psixoloji sağlamlığına zərər verə bilər?


Bu haqda pediatr Elşən Tağıyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, yuxu uşağın sağlam inkişafı üçün ən azı qidalanma qədər vacibdir.


“Yuxu zamanı beynin inkişafı, yaddaşın möhkəmlənməsi, hormonların ifrazı və immun sistemin güclənməsi baş verir. Yuxu çatışmazlığı isə uşaqlarda əsəbilik, diqqət dağınıqlığı, davranış problemləri və öyrənmə çətinliklərinə səbəb ola bilər. Beynəlxalq təşkilatların, Amerika Pediatriya Akademiyası (AAP), Dünya Səhiyyə Təşkilatı (WHO) və “National Sleep Foundation” (NSF) tövsiyələrinə əsasən uşaqların yaşa uyğun kifayət qədər yuxu alması vacibdir. 0-3 aylıq körpələr sutkada 14-17 saat yatır. Yuxu qısa intervallarla olur və gecə-gündüz fərqi hələ formalaşmayıb. 4-11 ay arası uşaqların tövsiyə olunan yuxu müddəti 12-15 saatdır. Gecə yuxusu tədricən formalaşır, gündüz isə 2-3 dəfə yatırlar. 1-2 yaş arası uşaqlar sutkada 11-14 saat yuxuya ehtiyac duyur”.

 


Mütəxəssisin sözlərinə əsasən, adətən gecə uzun yuxu və gündüz 1-2 dəfə yatmaq körpələr üçün normal sayılır:


“3-5 yaşda uşaqların 10-13 saat yuxuya ehtiyacı var. Bu dövrdə gündüz yuxusu tədricən azalır və bəzi uşaqlarda tamamilə kəsilə bilər. Məktəb yaşlı uşaqlar üçün 6-12 yaş arası 9-12 saat yuxu tövsiyə olunur. Düzgün yuxu rejimi diqqət, yaddaş və dərs müvəffəqiyyəti üçün çox önəmlidir. Yeniyetmələr üçün 13-18 yaş arası 8-10 saat yuxu lazımdır. Bu yaşda gec yatmaq meyli artsa da, gec yuxu sağlamlığa təhülkədir". 


Həkim qeyd etdi ki, yuxu uşağın zehni inkişafını dəstəkləyir, yaddaş və öyrənmə qabiliyyətini gücləndirir, immuniteti möhkəmləndirir, emosional tarazlığı və davranışı tənzimləyir, boy artımı hormonunun normal ifrazına kömək edir:

 

"Valideynlərin tez-tez etdiyi səhvlər uşağı çox gec yatızdırmaq, yatmazdan əvvəl telefon, planşet və televizordan istifadə, yuxu saatlarının hər gün dəyişməsi və yatmazdan əvvəl aktiv və səs-küylü oyunlar etməkdir. Bu vərdişlər uşağın yuxuya getməsini çətinləşdirir və yuxunun keyfiyyətini azaldır. Düzgün yuxu rejimi üçün uşağı hər gün eyni saatda yatızdırmaq, yatmazdan ən azı 1 saat əvvəl ekranları söndürmək, sakit və təkrarlanan axşam rutini yaratmaq, yuxu otağının qaranlıq, sakit və sərin olmasına diqqət etmək, uşağı yatmaqla qorxutmamaq və məcbur etməmək tövsiyə olunur. Pediatra müraciət etmək isə uşağın gecələr tez-tez oyanması, yuxuda güclü xorultu və ya nəfəsin dayanması, gün ərzində həddindən artıq yuxulu və halsız olması və yuxu probleminin davranışına və inkişafına təsir etməsi hallarında vacibdir. Düzgün yuxu rejimi uşağın sağlam böyüməsinin əsas şərtlərindən biridir. Yaşa uyğun yuxu saatlarına əməl etmək həm bu gün, həm də gələcəkdə uşağın fiziki və zehni sağlamlığını qoruyur. Valideyn olaraq ən vacib vəzifələrdən biri uşağa sağlam yuxu vərdişi qazandırmaqdır”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ