Paşinyan Rusiyanı sakitləşdirmək istəyir: "Qərb hələ alternativ tapmayıb"

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb.
Onun Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcəyi və burada Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılıb.
Paşinyanın siyasi xəttinin aydın olmasına baxmayaraq Rusiya ilə münasibətləri qorumağa çalışması maraqlıdır. Belə görünür ki, Paşinyan həm Qərblə, həm də Rusiya ilə yaxşı əlaqələri saxlamaq istəyir.
Rusiya Paşinyanın bu istəyini edəcəkmi?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib.
O, Paşinyanın səfəri haqqında fikirlərini bölüşüb:
“Son dövrlərdə xüsusilə gərginləşən Rusiya-Ermənistan münasibətləri fonunda Paşinyanın Rusiyaya səfər etməsi, özü də elə mühüm əhəmiyyət daşımayan bir tədbir çərçivəsində bu səfəri reallaşdırması təbii ki, onun Rusiya ilə bağlı narahatlıqlarından, yəni Rusiyadan gələ biləcək təzyiqlərlə bağlı narahatlığından irəli gəlir. Məlumdur ki, Ermənistan istər iqtisadi, istərsə də təhlükəsizlik baxımından Rusiyadan ciddi şəkildə asılıdır. Enerji məhsulları, qida təminatı, yanacaq təminatı və bir sıra digər sahələrdə Rusiyadan asılılıq açıq şəkildə ortadadır. O cümlədən, təhlükəsizlik sahəsində də bilirik ki, Ermənistan sərhədlərinin böyük bir hissəsi hələ də Rusiya hərbçiləri tərəfindən mühafizə olunur. Bütün bunların fonunda Rusiya ilə münasibətlərin daha da kəskinləşməsi Rusiyadan gələn təzyiqlərin səviyyəsinin artmasına səbəb ola bilər. Paşinyan da bunu kifayət qədər yaxşı dərk edir. Məhz buna görə də bu tip səfərlərlə mövcud narahatlıqları müəyyən qədər aradan qaldırmağa, yaxud gələcək təzyiqləri neytrallaşdırmağa çalışır”.

Politoloq bildirib ki, Paşinyanın siyasi kursu da məlumdur, onu hakimiyyətə gətirən qüvvələrin və ayrı-ayrı Qərb ölkələrinin onun qarşısında qoyduğu öhdəliklər də bəllidir:
“Amma problem ondadır ki, həmin Qərb ölkələri Rusiyadan mövcud asılılığı aradan qaldırmaq üçün Ermənistana hələ ki, alternativ formalaşdıra bilməyiblər. Yəni böyük ölçüdə Rusiyadan iqtisadi asılılığı aradan qaldıra biləcək Türkiyə kimi bir ölkə ilə münasibətlər hələ də tam normallaşmayıb, sərhədlər bağlıdır. Digər ölkələr vasitəsilə təminatın həyata keçirilməsi də Rusiyanı əvəz edə biləcək səviyyədə deyil. Bu baxımdan Paşinyan da bunu kifayət qədər yaxşı bildiyi və alternativləri formalaşdıra bilmədiyi üçün, həmin dövrə qədər Rusiya ilə münasibətlərin bu və ya digər şəkildə normal saxlanılmasında maraqlıdır. Ona görə də belə tədbirlərdə iştirakı ilə faktiki olaraq Rusiyaya münasibətləri tamamilə pozmaq niyyətində olmadıqları barədə mesaj verməyə çalışır. Onu da nəzərə alaq ki, bu səfər çərçivəsində Rusiyanın baş naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub. Bu da son dövrlərdə Ermənistan hakimiyyətini olduqca sərt şəkildə tənqid edən, hətta hədə-qorxu xarakterli bəyanatlarla çıxış edən baş nazirdir. Böyük ehtimalla, bu görüşdə də Rusiya tərəfi yenidən Paşinyan qarşısında Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etmək tələbi ilə çıxış edəcək. Paşinyan isə Rusiya ilə ənənəvi münasibətlərin qorunub saxlanılmasında maraqlı olduqlarını nümayiş etdirməklə vaxt qazanmağa və Rusiyanın təzyiqlərini minimuma endirməyə çalışacaq. Odur ki, bu səfəri faktiki olaraq gələcəkdə yarana biləcək təzyiqləri minimuma endirmək məqsədi daşıyan bir səfər kimi qiymətləndirə bilərik”.
Bəsti Rəfizadə

