Ermənistanda seçki dövrü bitir - Son sözü Konstitusiya məhkəməsi deyəcək

Ermənistan iyulun 4-ü ərəfəsində son illərin ən kritik daxili siyasi böhranlarından birini yaşayır. Konstitusiya Məhkəməsinin 7 iyun parlament seçkilərinin nəticələri ilə bağlı verəcəyi qərar təkcə hüquqi sənəd deyil, həm də ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək əsas dönüş nöqtəsi olacaq. Hazırda İrəvanda həm hakimiyyət və müxalifət cinahı, həm də beynəlxalq müşahidəçilər bütün diqqətlərini Konstitusiya Məhkəməsinə yönəldiblər. Qərarın elanından dərhal sonra ölkədə kütləvi etiraz aksiyalarının başlaması, siyasi qarşıdurmanın alovlanması və hətta növbədənkənar parlament seçkilərinin yenidən gündəmə gəlməsi ehtimalı olduqca yüksəkdir.
Xatırladaq ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan 7 siyasi qüvvə səsvermənin ləğv edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Şikayətçilər arasında Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku, Samvel Karapetyanın "Güclü Ermənistan" bloku, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası və digər müxalif düşərgə təmsilçiləri yer alır.
Bəs məhkəmə seçkilərin nəticələrini qüvvədə saxlasa, Ermənistanda siyasi vəziyyət necə inkişaf edə bilər?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, böyük ehtimalla Ermənistan Konstitusiya Məhkəməsi son parlament seçkilərinin nəticələrini qüvvədə saxlayacaq:
“Müxalifət partiyalarının etirazlarını və yaxud da şikayət müraciətlərini təmin etməyəcək. Çünki artıq Ermənistanda, demək olar ki, seçki prosesi yekunlaşır və Konstitusiya Məhkəməsinin verəcəyi qərar prosesin təsdiqlənməsi, yəni Paşinyan hakimiyyətinin qələbəsinin təsdiqlənməsi anlamını daşıyacaq. Ona görə də böyük ehtimalla bundan sonra Ermənistanda siyasi hakimiyyət dəyişikliyini gözləmək sadəlövhlük olardı. Təbii ki, bu proses ölkə daxilində müəyyən kütləvi etiraz dalğasına səbəb ola bilər, ancaq bu kütləvi etiraz dalğasının da Ermənistanda hansısa ciddi siyasi nəticələr doğura biləcəyi inandırıcı görünmür. Burada əsas faktorlardan biri Paşinyan hakimiyyətinin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsidir. Seçki ərəfəsində, seçkiyə bir həftə qalmış Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubionun Ermənistana səfər etməsi Paşinyan hakimiyyətinə açıq dəstək xarakteri daşıyırdı. İndi də Konstitusiya Məhkəməsinin yekun qərarı açıqlaması ərəfəsində Avropa İttifaqının ən yüksək rütbəli təmsilçisi, yəni Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ermənistana səfər edib. Bu da Paşinyan hakimiyyətinə açıq dəstək xarakteri daşıyır”.
Politoloqun fikrincə, ABŞ, Qərb və bütün Avropa İttifaqı Ermənistanda Paşinyan hakimiyyətini birbaşa dəstəkləyirlər:
“Üstəlik, Avropa İttifaqı Paşinyan hakimiyyətinə müəyyən maliyyə dəstəyi də göstərmək niyyətindədir. Hardasa 200 milyon dollarlıq bir maliyyə vəsaitindən söhbət gedir və bu məbləğin sonrakı mərhələdə 2 milyard dollara qədər çatdırılma ehtimalına da eyham vurulur. Digər tərəfdən, Avropa Komissiyasının rəhbəri Ermənistanda verdiyi açıqlamada Rusiyanın Ermənistana təzyiqlərlə nəticə əldə etməsinə imkan verməyəcəklərini də bildirib. Üstəlik, onu da vurğulayıb ki, Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi sanksiyaları kompensasiya etməyə çalışacaqlar. Yəni Ermənistan kənd təsərrüfatı məhsullarının Avropanın bəzi ölkələrinə yönəldilməsinə nail olacaqlar. Bu da Ermənistan əhalisinə, Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz dalğasında iştirak edə biləcək insanlara, ermənilərə mesajdır ki, Paşinyan hakimiyyətini dəyişdirməyə cəhd göstərməyə ehtiyac yoxdur. Avropa İttifaqı Rusiya ile qarşıdurmada Ermənistana dəstək verəcək və bu situasiyadan çıxmaqda yardım edəcək. Və bütün bunlar da onu göstərir ki, Ermənistanda kütləvi etiraz dalğası baş qaldırsa belə, bu, qısamüddətli və nəticəsiz bir proses ola bilər”.
Bəsti Rəfizadə
