Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək

Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
Kateqoriya məlum deyil
T

ABŞ və İsrailin 28 fevralda İrana endirdiyi zərbələr zamanı həlak olan İranın ali dini lideri Ayətullah Əli Xameneinin vida mərasimində onun oğlu və ölkənin yeni dini lideri Müctəba Xameneinin iştirak etməyəcəyi bildirilib.

Sfera.az xəbər verir ki, bu barədə Hindistanın “India Today” nəşrinə Ayətullah Xameneinin Hindistandakı nümayəndəsi Ayətullah Elahi məlumat verib.

Onun sözlərinə görə, Müctəba Xamenei dəfn mərasimində iştirak etmək və xalqla bir araya gəlmək istəsə də, təhlükəsizlik orqanları buna icazə verməyib.

“Ötən həftə İranda idim və onunla görüşən dostlarımla danışdım. Onlar bildirdilər ki, Müctəba Xamenei mərasimə qatılmaq istəyirdi. Lakin təhlükəsizlik qüvvələri ona bunun çox riskli olduğunu, təhlükəsizliyini təmin edə bilməyəcəklərini deyərək icazə verməyiblər. Düşünürəm ki, o, mərasimdə iştirak etməyəcək”, - deyə Elahi bildirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Kats ötən gün keçirdiyi mətbuat konfransında orduya İrana qarşı müstəqil hücum planı hazırlamaq tapşırığı verildiyini açıqlayıb. O, həmçinin İranın yeni ali dini lideri Müctəba Xameneinin ölüm üçün hədəf seçildiyini iddia edib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bu bəyanata sərt reaksiya verərək, İran xalqına və ölkə rəhbərliyinə qarşı hər hansı təhdidə dərhal və qəti cavab veriləcəyini vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevral tarixində həyata keçirdiyi hücumlar nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei həlak olub. Onun üçün təşkil olunan beşgünlük vida mərasimi bu gün Tehranda başlayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ