Rusiyanın 40 regionunda alkoqol satışına qadağa qoyulacaq

Rusiyanın 40 regionunda alkoqol satışına qadağa qoyulacaq
Kateqoriya məlum deyil
T

Rusiyada 27 iyun tarixində qeyd olunacaq Gənclər Günü və məktəb məzunlarının buraxılış tədbirləri ilə əlaqədar 40 regionda alkoqollu içkilərin satışı qadağan ediləcək.

Sfera.az xəbər verir ki, bu barədə regional qanunvericilik aktlarına istinadən RİA Novosti məlumat yayıb.

Gənclər Günü hər il iyun ayının son şənbə günü qeyd olunur. Rusiya Federasiyasının Təhsil Nazirliyi regionlara məzun gecələrinin məhz həmin tarixdə keçirilməsini tövsiyə edib. Bununla əlaqədar olaraq ölkənin hər ikinci regionunda spirtli içkilərin satışına məhdudiyyət tətbiq olunacaq.

Qadağa Başqırdıstan, Altay, Dağıstan, Kalmıkiya, Qaraçay-Çərkəz, Komi, Mari El, Mordoviya, Xakasiya və Çuvaşıya respublikalarında, həmçinin Xabarovsk, Kamçatka və Zabaykal diyarlarında qüvvədə olacaq. Bundan başqa, Amur, Arxangelsk, Bryansk, Volqoqrad, Voloqda, İrkutsk, Kalininqrad, Kemerovo, Kirov, Kursk, Leninqrad, Lipetsk, Maqadan, Murmansk, Orenburq, Ryazan, Saratov, Penza, Saxalin, Smolensk və Tümen vilayətlərində də alkoqol satışı dayandırılacaq.

Qadağa həmçinin Nenets və Çukotka muxtar dairələrində, Yamal-Nenets Muxtar Dairəsində, Sevastopolda, Zaporojye və Xerson vilayətlərində, eləcə də Luqansk və Donetsk xalq respublikalarında tətbiq ediləcək. Sankt-Peterburq şəhəri də məhdudiyyətlərin qüvvədə olacağı ərazilər sırasındadır.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Alkoqol və Tütün Bazarına Nəzarət Federal Xidməti may ayında ölkədə alkoqol satışlarının ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azaldığını açıqlamışdı.

“Alkopro” gildiyasının prezidenti Andrey Moskovski hesab edir ki, satışların azalması istehlakçıların xərclərə daha ehtiyatla yanaşması ilə bağlıdır. Onun sözlərinə görə, vətəndaşlar qənaət etməyə çalışır və ilk növbədə spirtli içkilərə ayırdıqları vəsaiti azaldırlar.

İnci

Sfera.az

PAYLAŞ