Qəhvə sevənlər üçün xoş xəbər: Araşdırmalar göstərir ki...

Müntəzəm və orta miqdarda qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərə biləcəyi müəyyən olunub. Araşdırmalara görə, qəhvə yağlı qaraciyər xəstəliyi, yüksək qaraciyər fermentləri və qaraciyər fibrozu riskinin azalmasına dəstək ola bilər.
Sfera.az xəbər verir ki, qastroenteroloq, dosent dr. Çağatay Ak qəhvənin qaraciyər üçün faydalarının elmi araşdırmalarla təsdiqləndiyini bildirib. Bununla belə, o vurğulayıb ki, qəhvə heç bir halda müstəqil müalicə vasitəsi kimi qəbul edilməməlidir.
ABŞ-da 355 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırma müntəzəm qəhvə istehlakı ilə qaraciyər xərçəngi, sirroz və qaraciyərlə əlaqəli ölüm riskinin azalması arasında əlaqə olduğunu ortaya qoyub. Digər elmi tədqiqatlar da qəhvənin yağlı qaraciyər xəstəliyinin inkişaf riskini azaltmağa, qaraciyər fermentlərini tarazlaşdırmağa və fibroz ehtimalını aşağı salmağa kömək edə biləcəyini göstərir.
Mütəxəssislərin sözlərinə görə, ən güclü nəticələr gündə 2-4 fincan qəhvə içən şəxslərdə müşahidə olunub. Süzgəcdən keçirilmiş qəhvə ilə yanaşı, türk qəhvəsi və espresso da oxşar faydalar göstərə bilər. Lakin tərkibində çoxlu şəkər, sirop və qaymaq olan hazır qəhvə növlərinin eyni müsbət təsiri göstərmədiyi bildirilir.
Bununla yanaşı nəzarətsiz yüksək təzyiq, ürək ritm pozğunluğu, narahatlıq, reflüks və ya aktiv qastritdən əziyyət çəkən şəxslərə qəhvə istehlakını həkim məsləhəti ilə tənzimləmələri tövsiyə olunur.
Mütəxəssislər qeyd edirlər ki, kofeinsiz qəhvə də qaraciyər üçün müəyyən fayda verə bilər. Ancaq əsas qoruyucu təsirin qəhvənin tərkibindəki kofein, antioksidantlar və polifenollarla əlaqəli olduğu bildirilir.
Həkimlər qaraciyər sağlamlığını qorumaq üçün ideal çəkinin saxlanılması, müntəzəm fiziki aktivlik, Aralıq dənizi pəhrizinə əməl olunması və lazımsız dərman istifadəsindən çəkinməyin vacibliyini də xatırladırlar. Onların sözlərinə görə, qəhvə sağlam həyat tərzini dəstəkləyən faydalı içki hesab olunsa da heç vaxt müalicəni əvəz etmir.
Mənsumə
