Aİ Ermənistanda yeni missiyaya başladı

Aİ Ermənistanda yeni missiyaya başladı
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Ermənistanda təhlükəsizlik və hibrid təhdidlər üzrə məsləhət missiyasının fəaliyyətə başladığını elan edib.

Sfera.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyanatda məlumat verilib.

Bildirilib ki, missiya Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti çərçivəsində fəaliyyət göstərəcək və əsas məqsədi Ermənistan hakimiyyətinin hibrid təhdidlər və yeni təhlükəsizlik çağırışlarına qarşı dayanıqlığını artırmaqdır.

Bəyanata əsasən, missiya kibertəhdidlər, xarici məlumatların manipulyasiyası və müdaxiləsi, eləcə də qanunsuz maliyyə axınları ilə mübarizə sahəsində Ermənistan dövlət qurumlarına məsləhət və ekspert dəstəyi verəcək.

Qeyd edilib ki, missiyanın yaradılması ilə bağlı qərar bu ilin 21 aprel tarixində qəbul olunub. Layihə Aİ-nin daha əvvəl Ukrayna və Moldovada həyata keçirdiyi oxşar məsləhət missiyalarının təcrübəsinə əsaslanır.

Aİ Şurası vurğulayıb ki, missiya Ermənistanın bütün dövlət qurumları ilə əməkdaşlıq edəcək və hökumətə strateji məsləhətlər təqdim edəcək. Bununla yanaşı, missiyanın ölkədə qərarqəbuletmə prosesinə birbaşa təsir göstərməyəcəyi bildirilib.

Qeyd edək ki, Brüssel “hibrid təhdidlər” anlayışı çərçivəsində kibertəhlükələr, dezinformasiya, xarici müdaxilə və digər qeyri-ənənəvi təhlükəsizlik risklərinə qarşı mübarizəni nəzərdə tutur.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ