Britaniya kral ailəsi video prodüseri axtarır

Britaniya kral ailəsi video prodüseri axtarır
Kateqoriya məlum deyil
T

Britaniya kralı III Çarlz və Kraliça Kamillanın sosial media hesabları üçün video prodüseri axtarılır. Bukinqem Sarayının yaydığı vakansiyaya əsasən tam ştatlı vəzifə üzrə illik əməkhaqqı 52 min funt sterlinq (təxminən 120 min manat) təşkil edir.

Sfera.az xəbər verir ki, yeni əməkdaş kralın şəxsi katibliyinin kommunikasiya komandasının tərkibində fəaliyyət göstərəcək. O, rəsmi dövlət tədbirlərindən tutmuş pərdəarxası görüntülərə qədər müxtəlif məzmunların hazırlanmasına cavabdeh olacaq. Hazırlanan videolar əsasən “İnstagram”, “X” və “YouTube” platformalarında paylaşılacaq.

Vakansiya elanında qeyd olunur ki, namizəd sosial media üçün hekayəçilik bacarığına malik olmalı, peşəkar kamera və digər çəkiliş avadanlıqları ilə yanaşı mobil telefon vasitəsilə də yüksək keyfiyyətli görüntülər hazırlaya bilməlidir. Eyni zamanda, sosial şəbəkələrdəki trendləri yaxından izləməsi, auditoriyanın marağına uyğun yaradıcı məzmun istehsal etməsi və paylaşımların əhatə dairəsini artırmaq üçün yeni ideyalar irəli sürməsi gözlənilir.

“The Times” qəzetinin məlumatına görə, III Çarlz bu layihəyə xüsusi önəm verir və yeni vəzifənin yaradılmasını müasir kommunikasiya strategiyasının mühüm hissəsi hesab edir. Bildirilir ki, bu, Britaniya monarxiyasının tarixində ilk dəfə rəsmi video prodüseri vəzifəsinin yaradılmasıdır.

Son illər Britaniya kral ailəsi ictimaiyyətlə ünsiyyətdə sosial mediadan daha fəal istifadə etməyə başlayıb. Xüsusilə Şahzadə Uilyam və Şahzadə Keyt Middlton rəsmi səfərlər, xeyriyyə tədbirləri, ailə həyatından səmimi anlar və mühüm şəxsi açıqlamalarla bağlı videolar paylaşaraq milyonlarla izləyicinin diqqətini cəlb edirlər. III Çarlz və Kraliça Kamilla da bu istiqamətdə fəaliyyətlərini genişləndirərək rəqəmsal platformalarda daha aktiv olmağa çalışırlar.

Qeyd edək ki, vakansiya üzrə müraciətlərin qəbulu iyul ayının 12-dək davam edəcək.

Mənsumə

Sfera.az

PAYLAŞ