Rusiya Kiyevi yenidən hədəf aldı: Ölən və yaralananlar var

Rusiya Kiyevi yenidən hədəf aldı: Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
T

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi növbəti raket hücumları nəticəsində azı 9 nəfər həlak olub, 49 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, hücumdan sonra axtarış-xilasetmə qrupları qismən dağılan yaşayış binalarının dağıntıları altında qalan sakinləri xilas etmək üçün əməliyyatları davam etdirir.

Ukrayna ilə Rusiya arasında müharibə dördüncü ilinə qədəm qoyub. Münaqişə nəticəsində indiyədək minlərlə insan həyatını itirib, on minlərlə sakin isə yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaşenko Rusiyanın paytaxta növbəti hücumlar təşkil etdiyini bildirib.

İlkin məlumata görə, yaralananlar arasında 5 uşaq da var. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya tərəfindən atılan ballistik raketlər şəhərin bir neçə rayonunda yaşayış binalarına düşüb, nəticədə mənzil komplekslərində yanğınlar baş verib.

Merin sözlərinə görə, hücum zamanı anbarlar və qaraj emalatxanaları da zərər görüb. Hadisə yerindən yayılan görüntülərdə dağıntılar, tüstülənən binalar və tamamilə yanmış nəqliyyat vasitələri əks olunub.

Xilasetmə xidmətləri bazar ertəsi səhər saatlarından etibarən dağıntılar altında qalan insanların tapılması istiqamətində əməliyyatları davam etdirir.

Ukrayna tərəfi Rusiyanı mülki obyektləri qəsdən hədəfə almaqda ittiham edir. Rusiya isə hücumların Ukraynanın Rusiya ərazisində yerləşən elektrik stansiyaları və enerji obyektlərinə endirdiyi zərbələrə cavab olduğunu, yalnız hərbi və enerji infrastrukturlarını hədəf aldığını iddia edir.

Məlumata görə, gecə boyu davam edən hücumlar nəticəsində Rusiyanın nəzarətində olan Krım yarımadasının Sevastopol şəhərində də elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranıb.

Mənsumə

Sfera.az

PAYLAŞ