Ayı dəmiryolunu iflic etdi – 40-dan çox reys dayandı

Yaponiyanın şimalındakı Hokkaydo adasında yük qatarının ayı ilə toqquşması nəticəsində dəmir yolu hərəkətində ciddi problemlər yaranıb.
Sfera.az xəbər verir ki, Kyodo agentliyinin yaydığı məlumata görə, hadisə Tomakomay liman şəhəri yaxınlığında baş verib.
Qəza səbəbindən 40-dan çox qatar reysə çıxa bilməyib.
Məlumata əsasən, ayını vuran yük qatarı altı saatdan çox müddətdə dəmir yolunu bağlayıb. Dəmir yolu əməkdaşları yaralı və ya ölmüş ayıya yaxınlaşmaqdan ehtiyat etdikləri üçün hərəkət bərpa olunmayıb. Yalnız hadisə yerinə çağırılan ovçular ayını relslərdən uzaqlaşdırdıqdan sonra qatarların hərəkəti yenidən təmin edilib.
Baş verən gecikmələr nəticəsində təxminən 12 min sərnişin təyinat məntəqəsinə vaxtında çata bilməyib.
Qeyd edək ki, Yaponiyada ayılarla bağlı insidentlərin sayı son illərdə kəskin artıb. Rəsmi statistikaya görə, 2025-ci maliyyə ilində (31 mart 2026-cı il tarixində başa çatıb) insanların yaşadığı ərazilərin yaxınlığında ayıların görünməsi ilə bağlı təxminən 58 min hadisə qeydə alınıb. Bu, 2009-cu ildən bəri ən yüksək göstəricidir.
Ötən ilin aprel ayından bu ilin may ayına qədər Yaponiyada ayı hücumları nəticəsində 17 nəfər həyatını itirib, 250-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu göstərici ölkənin müharibədən sonrakı tarixində qeydə alınan ən yüksək səviyyə hesab olunur.
Firuzə Əliyeva
