Fransa tarixinin ən isti iyun ayını yaşadı

Avropanı təsiri altına alan güclü isti hava dalğasından ən çox zərər görən ölkələrdən biri olan Fransa tarixinin ən isti iyun ayını yaşayıb.
Sfera.az xəbər verir ki, Fransanın meteorologiya xidməti Meteo-France iyun ayında ölkə üzrə orta temperaturun 22,7 dərəcə təşkil etdiyini açıqlayıb.
Məlumata görə, bu göstərici mövsüm normasını 3,8 dərəcə üstələyib. Bununla da 2003-cü ilin iyun ayında qeydə alınan rekord yenilənib və ölkə tarixinin ən isti iyun ayı rəsmən qeydə alınıb.
Fransa Səhiyyə Nazirliyinin məlumatına əsasən, iyun ayında müşahidə olunan isti hava dalğası nəticəsində ölkədə 2 mindən çox əlavə ölüm halı qeydə alınıb.
Təxminən iki həftə davam edən ekstremal istilər nəqliyyat, səhiyyə, təhsil və istehsal sahələrində ciddi problemlərə səbəb olub. Təkcə iyunun 26-da Parisdə 109 nəfərin yüksək temperaturun təsiri nəticəsində həyatını itirdiyi bildirilir.
Mənsumə
