Zelenski: “Putin müharibəni uduzur”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın həm cəbhədə, həm də iqtisadi sahədə ciddi problemlərlə üzləşdiyini bildirərək Rusiya Prezidenti Vladimir Putinin müharibəni uduzduğunu bəyan edib.
Sfera.az xəbər verir ki, Ukrayna KİV-inin məlumatına görə, Zelenski Kiyevin Darnitski rayonunda Rusiya hücumları nəticəsində dağıdılmış yaşayış binasının qarşısında jurnalistlərə açıqlama verib.
Prezident ölkəsinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün daha çox raketə ehtiyac duyduğunu bildirib.
Rusiyanın ötən gecə Kiyevə qarşı həyata keçirdiyi intensiv hava hücumlarına mütləq cavab veriləcəyini vurğulayan Zelenski, “Putin müharibəni uduzur”, - deyə qeyd edib.
O bildirib ki, Rusiya həm döyüş meydanında, həm də iqtisadi sahədə ciddi çətinliklərlə üzləşib. Zelenskinin sözlərinə görə, Moskvanın yaxın dövrdə xüsusilə ballistik raketlərlə Ukraynaya hücumlarını daha da intensivləşdirəcəyi gözlənilir.
Ukrayna Prezidenti həmçinin bildirib ki, son vaxtlar Rusiyanın 2014-cü ildə qanunsuz olaraq ilhaq etdiyi Krımda yerləşən neft və hərbi obyektlərə uğurlu zərbələr endirilib. Onun sözlərinə görə, bu hücumlar Rusiya rəhbərliyində ciddi narahatlıq yaradıb.
Mənsumə
