Gecə səması yox ola bilər? - Alimlərdən qorxunc proqnoz

Gecə səması yox ola bilər? - Alimlərdən qorxunc proqnoz
Kateqoriya məlum deyil
T

Yerə yaxın orbitdə peyklərin sayı 100 mini keçərsə, Yer səthindən astronomik müşahidələr aparmaq demək olar ki, mümkünsüz hala gələ bilər.

Sfera.az xəbər verir ki, bu nəticə Avropa Cənub Rəsədxanasının (ESO) alimlərinin apardığı yeni araşdırmada öz əksini tapıb.

Araşdırmanın rəhbəri, ESO-nun əməliyyatlar üzrə direktoru Olivye Eno bildirib ki, müəyyən həddən sonra teleskoplardan əldə olunan bütün məlumatlar yararsız vəziyyətə düşəcək.

"Elə bir vəziyyət yarana bilər ki, teleskopların işlədilməsi artıq mənasını itirəcək. Çünki əldə olunan məlumatların hamısı pozulmuş olacaq – 100 faiz", – deyə alim vurğulayıb.

Tədqiqatçılar müxtəlif sayda və fərqli parlaqlıqda peyklərin astronomik müşahidələrə təsirini modelləşdiriblər. Nəticələr göstərib ki, peyklər nisbətən zəif parlaq olarsa, astronomlar müəyyən uyğunlaşmalar edə bilərlər. Lakin onların parlaqlığı müəyyən həddi keçərsə, elmi müşahidələr həm xeyli bahalaşacaq, həm də səmərəliliyini itirəcək. Mütəxəssislərin sözlərinə görə, peyklər gecə səmasını iki əsas şəkildə çirkləndirir: ümumi işıq fonunu artırır və teleskopların çəkdiyi şəkillərdə parlaq izlər buraxır.

Alimləri xüsusilə ABŞ-nin Reflect Orbital şirkətinin layihəsi narahat edir. Şirkət Günəş işığını Yerə əks etdirmək məqsədilə on minlərlə nəhəng güzgü-peyk orbitə buraxmağı planlaşdırır. Hesablamalara görə, bu peyklər işıqlanan zonalarda hətta dolunaydan, digər vaxtlarda isə Venera planetindən daha parlaq görünəcək.

Əgər şirkət 50 min peyk buraxmaq planını həyata keçirsə, Yerin istənilən nöqtəsindən eyni anda yüzlərlə, hətta minlərlə olduqca parlaq obyekt görünəcək.

"Onların təklif etdiyi layihə müşahidələrimizi demək olar ki, mümkünsüz edəcək. Bunlar son dərəcə parlaq peyklərdir", – deyə Olivye Eno bildirib.

Araşdırmada SpaceX şirkətinin orbitə bir milyon məlumat emalı mərkəzi funksiyasını yerinə yetirəcək peyk yerləşdirmək planının da ciddi risk yaratdığı qeyd olunub. Ayrı-ayrı peyklər nisbətən zəif parlaq olsa da, onların sayının çoxluğu gecə səmasının işıq çirklənməsini əhəmiyyətli dərəcədə artıracaq.

Alimlər bildirirlər ki, peyklərin yaratdığı problem dünyanın ən ucqar və qaranlıq bölgələrində belə hiss olunacaq. Çilidəki Atakama səhrası, Avstraliyanın daxili əraziləri və Antarktida kimi astronomiya üçün ideal hesab olunan məkanlarda belə səma süni obyektlərlə dolacaq.

Böyük Britaniyanın Kral Astronomiya Cəmiyyətinin nümayəndəsi Robert Mesi isə qeyd edib ki, bəşəriyyət tamamilə dəyişdirilmiş gecə səmasına razılıq verməyib.

Beynəlxalq Astronomiya İttifaqının qiymətləndirməsinə görə, gecə səmasının təbii qaranlıq fonunun 10 faizdən çox işıqlanması belə astronomiya üçün ciddi təhlükə hesab olunur. Reflect Orbital layihəsinin reallaşacağı təqdirdə isə bu göstərici 300 faizə qədər arta bilər.

Hazırda Yer orbitində təxminən 14 min peyk fəaliyyət göstərir. Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, yaxın onilliklərdə Yer səthindən kosmosun müşahidəsi demək olar ki, mümkünsüz olacaq.

İnci

Sfera.az

PAYLAŞ