Psixoloq: İtlər sahiblərində "xoşbəxtlik hormonları" ifrazını artırır

İtlərlə ünsiyyət insanlarda stressi azaltmağa və emosional vəziyyəti yaxşılaşdırmağa kömək edir.
Sfera.az xəbər verir ki, bu barədə rusiyalı klinik psixoloq Stanislav Samburski Life.ru-ya müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, bunun əsas səbəbi "korequlyasiya" adlanan psixoloji mexanizmdir. Bu zaman insan onu mühakimə etməyən, tənqid etməyən, sadəcə görməsinə sevinc göstərən iti ilə ünsiyyət sayəsində sakitləşir. Belə təmas narahat düşüncələrdən uzaqlaşaraq diqqətin indiki ana yönəlməsinə kömək edir.
Psixoloq qeyd edib ki, itlərlə gündəlik gəzintilər də mühüm rol oynayır. Onun fikrincə, ev heyvanı sahibi gündəlik qayğılarından ayrılaraq təmiz havaya çıxır, iti sığallamaq isə orqanizmdə oksitosin və endorfin kimi "xoşbəxtlik hormonları"nın ifrazını artırır. Bu da narahatlıq və tənhalıq hissinin azalmasına səbəb olur.
Samburski bildirib ki, bu cür emosional dəstək xüsusilə tənha yaşayan, yüksək narahatlıq keçirən və emosional tükənmə yaşayan insanlar üçün faydalıdır. Onun sözlərinə görə, it sahibinə lazımlı və dəyərli olduğu hissini yaşadır.
Psixoloq buna misal olaraq 18 il it saxlayan bir pasiyentini göstərib. O bildirib ki, pasiyent ev heyvanını itirdikdən qısa müddət sonra insult keçirib. Mütəxəssisin fikrincə, it hər gün sahibini ayağa qalxmağa, gəzintiyə çıxmağa, onu yemləməyə və qayğı göstərməyə sövq etməklə həyat ritmini qorumasına kömək edib.
Bununla belə, Samburski vurğulayıb ki, it həkim və ya psixoloji müalicəni əvəz etmir. Onun sözlərinə görə, ev heyvanı insanlara hər gün ehtiyac duyulduğunu və dəyər verildiyini hiss etdirən mühüm emosional dəstək mənbəyidir.
İnci
Sfera.az
