41 yaşlı ispaniyalı futbolçu karyerasını başa vurdu

İspaniyalı tanınmış yarımmüdafiəçi Santi Kazorla 41 yaşında peşəkar futbol karyerasını başa vurduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, son olaraq “Real Oviedo” formasını geyinən təcrübəli futbolçu qərarını sosial şəbəkə hesabında emosional paylaşımı ilə elan edib.
Kazorla paylaşımında bunları yazıb:
“Möhtəşəm anlar yaşadım. Gözlənilməz və çətin sınaqlardan keçdim. Amma heç vaxt cəhd etməkdən vaz keçmədim. Sonda isə hər hansı bir səhifəni bağlamaq üçün deyil, onları yenidən yaşamaq üçün geri döndüm. Niyə başladığımı xatırlamaq üçün… İndi isə hər şey sakitləşəndə, butslar kənara qoyulanda və səs-küy səssizliyə çevriləndə, hər şey öz yerini tapır. Hər şeyin bitdiyi yer sehrin başladığı evim idi. Çünki bəzi hekayələr heç vaxt bitmir, əbədi yaşayır. Eynilə 8 rəqəmi, eynilə sonsuzluq kimi”.
Zəngin karyerası ərzində “Villarreal CF”, “Málaga CF”, “Arsenal F.C.” və “Al Sadd SC” komandalarının şərəfini qoruyan Kazorla, İspaniya milli futbol komandası ilə UEFA Avropa Çempionatı 2008 və UEFA Avropa Çempionatı 2012 turnirlərinin qalibi olub.
Təcrübəli yarımmüdafiəçi peşəkar karyerasını uşaqlıq sevgisi olan “Real Oviedo” ilə başa vurub. O, komandanın yenidən İspaniya yüksək liqasına yüksəlməsində mühüm rol oynayaraq futbola yaddaqalan şəkildə vida edib.
Bəsti Rəfizadə
