Paşinyan Türkiyə və Azərbaycanla əməkdaşlıqdan danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla enerji sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sfera.az xəbər verir ki, Paşinyan bu barədə Ursula fon der Lyayen ilə İrəvanda keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında danışıb.
O bildirib ki, enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşıl keçid prosesinin sürətləndirilməsi baxımından qonşu Türkiyə və Azərbaycanla enerji inteqrasiyasının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
“Elektrik ötürücü xətlərinin tikintisi və qonşu Türkiyə və Azərbaycanla enerji əlaqələrinin genişləndirilməsini vacib hesab edirəm. Bu, həm enerji təhlükəsizliyinə, həm də yaşıl transformasiyaya töhfə verə bilər”, - deyə Ermənistanın baş naziri qeyd edib.
Paşinyan eyni zamanda Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsində iştirakının əhəmiyyətini vurğulayıb. O, ölkəsinin rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsində də maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 2-də regional səfəri çərçivəsində Ermənistana işgüzar səfərə gəlib. O, bundan əvvəl Azərbaycanda olub və Prezident İlham Əliyev ilə görüş keçirib.
Bəsti Rəfizadə
