Ermənistan Parlamentinin sədri mandatından imtina etdi

Ermənistan Parlamentinin sədri mandatından imtina etdi
Kateqoriya məlum deyil
T

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan yeni parlamentdə deputat kimi fəaliyyət göstərməyəcəyini və mandatını götürməyəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, parlament sədri kimi fəaliyyətini davam etdirmək istəsə də, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının qərarına hörmətlə yanaşır.

"Tarixdə tam beşillik səlahiyyət müddətini başa vuran ən uzunömürlü parlament sədrlərindən biri kimi hesab edirdim ki, başladığım işi davam etdirməliyəm. Lakin partiyanın qərarı var və mən həmişə demişəm ki, rəhbərlik necə qərar verərsə, ona uyğun davranacağam", – deyə o bildirib.

Simonyan vurğulayıb ki, partiyanın qərarına əsasən parlament sədri vəzifəsində qalmayacaq və ümumiyyətlə yeni çağırış Milli Assambleyada deputat kimi də təmsil olunmayacaq.

"Baş nazirlə və partiya rəhbərliyi ilə bu məsələni müzakirə etmişəm. Mandatımı götürməyəcəyəm və parlamentə deputat kimi gəlməyəcəyəm", - o qeyd edib. O, ilk növbədə istirahət etmək istədiyini də bildirib.

"Bu il mənim üçün çox ağır keçdi. Bu, müharibədən sonrakı dövrün parlamenti idi və çoxsaylı çətinliklərlə üzləşdik. Həmkarlarımla birlikdə böyük məsuliyyət daşıdıq. İndi bir qədər dincəlmək, şəxsi həyatıma vaxt ayırmaq və bəzi məsələləri qaydaya salmaq istəyirəm", -Simonyan əlavə edib.

Qeyd edək ki, Alen Simonyan yeni parlamentdə də spiker postunu tutmağa iddialı idi. Lakin hakim *Vətəndaş Müqaviləsi" Partiyasının rəhbərliyi bu vəzifəyə onun deyil, hazırkı parlament sədrinin müavini Ruben Rubinyanın namizədliyini irəli sürüb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ