Trampın masasındakı "digər variantlar" – Münaqişə qaynar fazaya keçəcək?

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Prezident Donald Tramp mütləq zərurət və aydın məqsəd olmadan orduya İrana qarşı hücum əmri verməyəcək. Bununla belə Vens qeyd edib ki, danışıqların uğurunu təmin etmək üçün lazım olan hər şey ediləcək. O, əlavə edib ki, əgər İran nüvə proqramlarını yenidən qurmağa çalışsa, yoxlamalara icazə verməsə, kommersiya gəmilərinə yenidən atəş açarsa, Trampın masasında bir çox variantlar olacaq.
Maraqlıdır, söhbət hansı variantlardan gedə bilər? Hər iki tərəf sülhün davamlılığında maraqlı olacaqmı?
Məsələ ilə bağlı politoloq Bakir Həsənbəyli Sfera.az-a açıqlama verib.
Onun fikrincə, İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsinin razılaşdırıldığı bildirilsə də, əslində əsas fikir ayrılıqları qalmaqdadır:
“Ceyms Devid Vensin bəhs etdiyi “digər variantlar” dedikdə, ilk növbədə ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən gündəmə gətirməsi, iqtisadi-siyasi təzyiqləri artırması və İranın ticarət yolları ilə enerji resurslarına nəzarət imkanlarını genişləndirməyə çalışması nəzərdə tutula bilər. Çünki Vaşinqton üçün əsas məsələ hələ də İranın regional təsir imkanları, ticarət yolları və enerji resursları üzərində nəzarətdir. Hazırkı atəşkəs və diplomatik proses tərəflərin mövqelərini gücləndirmək və vaxt qazanmaq məqsədi daşıyır. ABŞ administrasiyası hələ də müxtəlif seçimlər arasında tərəddüd edir və əgər Prezident Donald Tramp qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməsə, münaqişənin yenidən qaynar fazaya keçməsi ehtimalı kifayət qədər yüksəkdir”.

Politoloq bildirib ki, hər iki tərəf yekun razılaşmanın əldə olunması məqsədilə danışıqların bundan sonra da konstruktiv atmosferdə aparılmasını təmin etmək üçün əllərindən gələni etməyə davam edəcəklərini bəyan ediblər:
“İran XİN-in sözçüsü İsmayıl Bəqai ABŞ-İran danışıqlarında neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması məsələsində irəliləyiş əldə olunduğunu açıqlayıb. Hətta xaricdə dondurulmuş aktivlərdən Tehrana bir neçə milyard dollar ayrılması barədə ilkin razılığın əldə edilməsi barədə də müzakirələrin aparıldığı haqqında məlumatlar yayıldı. Lakin qeyd etdiyim kimi bu yalnız mediaya ötürülən məlumatlardır. Əslində bu cür pozitiv məlumatların ötürülməsi qlobal iqtisadiyyatdakı dalğalanmaların sakitləşməsinə xidmət edən amillərdir. Məsələnin əsl mahiyyəti ABŞ-nin İranın ticarət yollarına və enerji resurslarına nəzarət imkanlarına sahib olmasıdır. Bu məsələ hələ ki öz həllini tapmayıb. ABŞ dərin dövlətinin yeni dünya düzənində ABŞ-nin lider olacağı təkqütblü dünya formatında əsas məsələ qlobal ticarət yolları və enerji resurslarına nəzarətdir. Rəsmi Vaşinqton II Dünya müharibəsindən sonra SSRİ ilə bağlı yaranmış boşluğu Rusiya və Çinə buraxmaq istəmir. Bu məsələdə əsas maneələrdən biri məhz İrandır. İran hələ ki ortaya iddia qoyur. ABŞ administrasiyası ara seçimlərlə bağlı tərəddüd içərisindədir. Bugünkü atəşkəs sadəcə müvəqqəti toparlanmaq üçündür. Əgər Tramp istəyinə nail ola bilməyəcəksə, münaqişənin yenidən qaynar fazaya keçməsi ehtimalı olduqca böyükdir”.
Bəsti Rəfizadə

