Türkan Şoray ağlayaraq etiraf etdi: “Ondan mənə qalan tək şey budur”

Türkan Şoray ağlayaraq etiraf etdi: “Ondan mənə qalan tək şey budur”
Kateqoriya məlum deyil
T

Yeşilçamın unudulmaz əfsanəsi Türkan Şoray qatıldığı son tədbirdə həm xatirələri, həm də keçmiş tərəf-müqabili Kadir İnanırın vəfatı ilə bağlı dediyi sözlərlə hər kəsi dərindən təsirləndirib. Türk kinosunun digər bir nəhəng siması olan Kadir İnanır sətəlcəm və tənəffüs çətinliyi səbəbindən müalicə aldığı xəstəxanada 77 yaşında dünyasını dəyişib. Bu itki həm sənət dünyasını, həm də milyonlarla pərəstişkarını dərin kədərə boğub.

Sfera.az xəbər verir ki, böyük itkidən sonra günlərlə mətbuatdan uzaq qalan Türkan Şoray ötən axşam keçirilən xüsusi bir tədbirdə ilk dəfə kameralar qarşısına keçib. Jurnalistin “Kədəriniz böyükdür, ağrınızı səmimi qəlbdən bölüşürük. Kadir İnanıra son sözlərinizi demək istəsəydiniz, nə deyərdiniz?” sualı qarşısında kövrələn və göz yaşlarını saxlaya bilməyən sənətkar bu ürəkparçalayan cavabı verib:

“Kədərimiz çox təzədir. Bu, türk kinosu üçün böyük və əvəzedilməz bir itkidir. Amma o, həmişə mənim ürəyimdə yaşayacaq. Rahat yatsın...”

Tədbir zamanı Türkan Şoraya yeni açılan Kino Muzeyində nümayiş etdirilmək üçün karyerasından unudulmaz bir xatirə əşyasını bağışlaması ilə bağlı xahiş olunub. Sənətkarın cavabı isə salondakı hər kəsi duyğulandırıb:

“Selvi Boylum Al Yazmalım” filmindəki o məşhur qırmızı yaylıq hələ də məndədir. Amma onu heç vaxt heç kimə verə bilmərəm, çünki o günlərdən mənə qalan tək şey budur... Söz verirəm, sizə filmlərdə geyindiyim libaslardan birini hədiyyə edəcəyəm”.

Yeşilçamın “Sultan”ının bu səmimi və kədərli etirafları tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Mənsumə

Sfera.az

PAYLAŞ