Keçmiş ukraynalı milyonerə qarşı sui-qəsd cəhdi

29 iyun axşamı Monakoda yaşayış binasının yaxınlığında partlayış baş verib. İlkin məlumatlara görə, Ukrayna vətəndaşları olan ən azı üç nəfər yaralanıb. Polis hadisəni terror aktı kimi araşdırır.
Sfera.az bildirir ki, naməlum şəxs binalardan birinin girişində partlayıcı qurğu qoyub və sonra tez bir zamanda qaçıb. Daha sonra partlayış baş verib.
Xəbər agentlikləri və KİV-in məlumatına görə, partlayışda yaralananların vəziyyəti ağırdır.
“Novosti.LIVE” nəşri öz mənbələrinə istinadən xəbər verir ki, hadisə keçmiş ukraynalı iş adamı Vadim Yermolayevə qarşı sui-qəsd cəhdi ola bilər. Əvvəllər Ukraynanın ən varlı 100 adamı arasında yer alan Yermolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edərək Kipr vətəndaşlığını alıb. Lakin bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.
Fransanın “Le Figaro” qəzeti isə hər üç qurbanın eyni Ukrayna ailəsinin üzvləri olduğunu bildirib. 50-60 yaşlarında iki valideyn, ehtimal ki, biri Ukrayna oliqarxıdır, həyati təhlükəsi olan xəsarətlərlə ağır vəziyyətdədirlər. Xəsarət alan 13 yaşlı oğlanın vəziyyəti nisbətən sabitdir.
Media həmçinin partlayış qurbanlarından birinin Ukraynada müharibənin başlanğıcından bəri Monakoda "VIP qaçqın" kimi yaşayan ukraynalı oliqarx Vadim Yermolayev olduğunu təsdiqləyib. O partlayış zamanı mənzilində sevgilisi və oğlu ilə birlikdə olub.
Monako prokuroru Tibo Stefan bildirib ki, bomba zərərsizləşdirmə mütəxəssisləri, məhkəmə ekspertləri və polis bölmələri hadisə yerində işləyir. Monako Baş naziri Kristof Mirman bildirib ki, bu hadisə knyazlığın tarixində ilk dəfə baş verib.
Monakoda sui-qəsdin hədəfi olduğu ehtimal edilən iş adamı Vadim Yermolayev Vadim Yermolayev tanınmış kənd təsərrüfatı maqnatı, spirtli içki istehsalçısı və əvvəllər Dneprdəki ən böyük inkişaf şirkətlərindən birinin rəhbəridir. 2023-cü ilin dekabr ayında Ukrayna Prezidenti Vladimir Zelenski bu iş adamına qarşı Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarını imzalayıb.
Vadim Yermolayev vəkillər vasitəsilə Krımdakı biznesini Rusiya qanunlarına uyğun olaraq yenidən qeydiyyatdan keçirib və uzun illər Rusiya xəzinəsinə vergi ödəyib.
Aynil

