Hamburger və Coca-Cola sevənlərin diqqətinə

Hamburger və Coca-Cola sevənlərin diqqətinə
Kateqoriya məlum deyil
T

Yüksək yağlı və şəkərli qidaların, o cümlədən hamburger, qazlı içkilər və digər fast-food məhsullarının sağlamlığa təsiri ilə bağlı aparılan yeni araşdırma diqqət çəkib. Alimlər bildirirlər ki, bu cür qidalanma təkcə artıq çəki və metabolik pozğunluqlarla deyil, həm də beyin sağlamlığının zəifləməsi ilə əlaqəli ola bilər.

Sfera.az xəbər verir ki, “Metabolites” jurnalında dərc olunan tədqiqata əsasən, yüksək yağ və şəkərlə zəngin qidalanma depressiya, narahatlıq və yaddaş problemləri riskini artıra bilər. Araşdırma müəlliflərinin sözlərinə görə, bu tip qidalanma beyində əhval-ruhiyyə və emosional tarazlığı tənzimləyən mexanizmlərin fəaliyyətinə mənfi təsir göstərir.

Tədqiqatın diqqətçəkən nəticələrindən biri də yüksək yağlı və şəkərli qidaların orqanizmdə iltihab proseslərini gücləndirməsidir.

Mütəxəssislər hesab edirlər ki, xroniki iltihab təkcə ürək-damar və digər fiziki xəstəliklərin deyil, həm də psixi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.

Aparılan təcrübələr zamanı şəkər və yağla zəngin qidalanan orqanizmlərdə öyrənmə və yaddaş qabiliyyətinin zəiflədiyi davranışlarda isə nəzərəçarpacaq dəyişikliklərin baş verdiyi müəyyən olunub. Bu qrupda motivasiyanın azalması, daha pessimist davranış və emosional həssaslığın artması müşahidə edilib.

Tədqiqatçılar bildirirlər ki, yaş artdıqca və orqanizmdə hormonal dəyişikliklər baş verdikcə bu risk daha da yüksələ bilər.

Mütəxəssislər vurğulayırlar ki, düzgün qidalanma yalnız fiziki sağlamlığın deyil, həm də psixi rifahın qorunmasında mühüm rol oynayır. Buna görə də gündəlik qida seçimi insanın əhval-ruhiyyəsinə, yaddaşına və beyin funksiyalarına uzunmüddətli təsir göstərə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ