ABŞ Türkiyəyə bu şərtlərlə F-35 satacaq

ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edəcəyi təqdirdə Ankara ilə F-35 qırıcıları məsələsinə yenidən qayıda bilər.
Sfera.az xəbər verir ki, bu barədə Brüsseldə fəaliyyət göstərən “Euractiv” portalı NATO-nun iyulun 7-8-də Ankarada keçiriləcək sammitinə hazırlıqla bağlı yazısında məlumat yayıb.
Məlumata görə, Vaşinqton üçün əsas şərt S-400 sistemlərinin Rusiyaya qaytarılması deyil, onların “üçüncü ölkəyə satılması” ola bilər. Mümkün alıcı kimi Cənubi Koreyanın adı çəkilir.
Qeyd olunub ki, ABŞ 2019-cu ildə Türkiyəni F-35 proqramından çıxarıb. Buna səbəb Ankaranın Rusiyanın istehsalı olan S-400 sistemlərini alması olub.
Vaşinqton həmin qərarı Türkiyənin həm S-400, həm də F-35 sistemlərini eyni vaxtda istifadə edərək ABŞ qırıqlarının zəif tərəfləri barədə məlumat toplamaq ehtimalı ilə əsaslandırıb.
Türkiyəyə F-35-lərin verilməsinə İsrail və NATO müttəfiqi Yunanıstanın da qarşı çıxdığı bildirilir. Hər iki ölkə hesab edir ki, bu addım regiondakı güc balansını poza bilər.
Bununla belə, S-400 məsələsinin həlli Ankara və Vaşinqton arasında F-35 danışıqlarının yenidən başlamasına yol aça bilər.
Bəsti Rəfizadə
