Bella Hadiddən pis xəbər - FOTO

Dünyaca məşhur model Bella Hadidin səhhətində yenidən problem yaranıb. Uzun illərdir Laym xəstəliyi ilə mübarizə aparan 29 yaşlı model xəstəliyin yenidən kəskinləşdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, model bu barədə sosial media hesabında paylaşım edib.
Model həkimlərin tövsiyə etdiyi müxtəlif müalicə üsullarını sınamasına baxmayaraq, simptomların tam aradan qalxmadığını bildirib.
Göz yaşları içində çəkdiyi fotosunu paylaşan Hadid səhhəti ilə bağlı səmimi açıqlamalar verib:
“Bu xəstəliyi heç cür keçirə bilmirəm. Yenə 11 saat yatdım. Hər gün mürgüləyirəm. Getdiyim bütün həkimlərin məsləhət gördüyü hər şeyi sınadım, amma heç nə işə yaramır”.
Model hətta özündə daha bir neçə xəstəlik olduğunu düşündüyünü də yazıb.
İzləyicilərinin ona “gəzintiyə çıx” məsləhətinə cavab verən Hadid isə vəziyyətinin buna imkan vermədiyini qeyd edib:
“Mətbəxə gedəndə belə nəfəsim kəsilirdi. Elə hiss edirəm ki, beynimdə işləyən bir hüceyrə belə qalmayıb. Qalan son iki hüceyrəm də bir-biri ilə dalaşır”.
Bella Hadid bildirib ki, hazırda onun üçün ən böyük uğur huşunu itirmədən duş qəbul edə bilməkdir.
Qeyd edək ki, Bella Hadidə 2013-cü ildə Laym xəstəliyi diaqnozu qoyulub. Model illərdir bu xəstəliklə mübarizə aparır və zaman-zaman səhhətində yaranan ağırlaşmalar barədə izləyiciləri ilə bölüşür.
Bəsti Rəfizadə

