Paşinyandan İsrailin 1915-ci il qərarına reaksiya: "Silah kimi istifadə edilməsin"

Ermənistanın Baş naziri Nikol Paşinyan İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarı şərh edib.
Sfera.az xəbər verir ki, Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in yaydığı məlumata görə, bu barədə Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
İsrail Baş naziri Binyamin Netanyahu hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarla bağlı danışan Paşinyan deyib ki, rəsmi İrəvanın buna cavab verməyə ehtiyac görmür.
“Biz hesab edirik ki, bu məsələnin silah kimi istifadə edilməsi prosesinə qoşulmamaq Ermənistanın maraqlarına uyğundur”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, İsrail hökumətinin qərarı ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına münasibət çərçivəsində qəbul edilib. Paşinyanın açıqlaması isə İrəvanın bu mövzuda daha ehtiyatlı mövqe nümayiş etdirdiyini göstərir.
Bəsti Rəfizadə
