Rekord istilər Fransada həyatı iflic etdi
Avropanı bürüyən rekord istilər Fransada həyatı iflic edib.
Paris və ətraf bölgələri əhatə edən İl-de-Frans (Ile-de-France) ərazisində son 24 saat ərzində təxminən 3 min nəfər yüksək temperatur səbəbindən xəstəxanalara müraciət edib.
Sfera.az xəbər verir ki, Fransa Meteorologiya Xidmətinin məlumatına görə, ölkə üzrə 37 departamentdə qırmızı, 48 departamentdə isə narıncı istilik siqnalı verilib. Qırmızı xəbərdarlıq edilən ərazilərdə temperaturun 42 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Hökumət vəziyyətlə əlaqədar yeni tədbirlər paketini işə salıb. Fransa Səhiyyə Nazirliyi xəstəxanalarda soyutma sistemlərinin gücləndirilməsi üçün 100 milyon avro vəsait ayırıb. Xəstəxanalara təcili şəkildə kondisioner və ventilyatorların alınması tövsiyə olunub.
Baş nazirin qərarı ilə ölkə xəstəxanaları üçün 30 min kondisioner sifariş edilib. İstilər nəqliyyatda da problemlər yaradıb. Parislə Nitsa arasındakı qatar xəttində texniki nasazlıq səbəbindən qatar tuneldə təxminən bir saat dayanıb. Kondisionerlərin bəzi vaqonlarda işləməməsi nəticəsində bir neçə sərnişin istidən özünü pis hiss edib. İl-de-Frans bölgəsində xəstəxanalarda sıxlıq yaranıb. Bölgə xəstəxanalarını idarə edən AP-HP qurumunun açıqlamasına görə, müraciətlərin sayı adi günlərlə müqayisədə 36 faiz artıb. İstidən təhsil prosesi də təsirlənib. Rueil-Malmaison şəhərində bir liseydə fransız dili üzrə şifahi imtahanlar təxirə salınmaması üçün məktəbin dayanacağında keçirilib.
Bəsti Rəfizadə
Sfera.az
