Müharibədən sonrakı ambisiyalar: İranın iddiaları artır

ABŞ və İran arasında son hərbi qarşıdurmadan sonra regionda yeni geosiyasi mənzərənin formalaşdığı barədə fikirlər genişlənib. Bir çox ekspert hesab edir ki, müharibənin yekun nəticələri təkcə iki ölkənin münasibətlərinə deyil, həm də Yaxın Şərqdə qüvvələr balansına təsir göstərəcək. Xüsusilə İranın qarşıdurmadan sonra öz mövqeyini necə qiymətləndirəcəyi və regional siyasətdə hansı xətti seçəcəyi diqqət mərkəzindədir. Bəzi müşahidəçilər Tehranın bu prosesi siyasi və hərbi üstünlük kimi təqdim edərək daha fəal siyasət yürüdə biləcəyini düşünür. Digərləri isə hesab edir ki, İran hərbi imkanlarını nümayiş etdirsə də, qarşıdakı dövrdə daha ehtiyatlı davranmağa məcbur olacaq.
Bəs müharibə indiki şərtlərlə başa çatarsa, İranın regiondakı aktivliyi artacaqmı və Tehran özünü qalib hesab edərək daha sərt mövqe tuta bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, müharibələr təkcə cəbhə xəttində deyil, dövlətlərin siyasi davranışlarında və regional mövqelərində də ciddi dəyişikliklər yaradır.
Onun sözlərinə görə, hər hansı ölkə hərbi-siyasi qarşıdurmadan güclənmiş şəkildə çıxırsa, bu, onun gələcək siyasətinə və iddialarına da təsir göstərir:
“Beynəlxalq ekspert dairələrində geniş yayılmış qənaətlərdən biri budur ki, İran bu qarşıdurmadan zəifləyərək deyil, əksinə, mövqeyini qoruyaraq çıxıb. Tehran nə təslim oldu, nə də qarşı tərəfin irəli sürdüyü əsas tələbləri qəbul etdi. Əksinə, asimmetrik mübarizə şəraitində manevr imkanlarını nümayiş etdirdi və öz mövqeyindən geri çəkilmədi.
Nüvə proqramı ilə bağlı məsələlər isə hələ də açıq qalır. Bu istiqamətdə mübahisələrin və diplomatik çəkişmələrin davam edəcəyi gözlənilir. Lakin ümumi mənzərə onu göstərir ki, İran özünün milli maraqlarını qorumaq iqtidarında olduğunu nümayiş etdirdi”.
Politoloq qeyd edib ki, müharibənin ilk günlərində İran çətin vəziyyətə düşmüş kimi görünsə də, sonrakı hadisələr fərqli mənzərə ortaya qoydu:
“İlk mərhələdə qəfil hücumlar Tehran üçün ciddi sınaq yaratdı. Hərbi rəhbərlikdən və elmi dairələrdən olan şəxslərin hədəfə alınması İranın idarəetmə sisteminə zərbə vurdu. Ancaq sonrakı proseslər göstərdi ki, ölkə fövqəladə vəziyyətlər üçün müəyyən hazırlıq mexanizmlərinə malikdir. İdarəetmə sistemi fəaliyyətini davam etdirdi, boşalan vəzifələr qısa müddətdə dolduruldu və dövlət strukturları fəaliyyət qabiliyyətini qorudu.
Bu da İranın institusional dayanıqlılığını və böhran şəraitində çevik qərar vermək imkanlarını nümayiş etdirdi”.
T.Abbasovun fikrincə, müharibədən sonra İranın regional siyasətində daha iddialı xəttin əlamətləri görünməyə başlayıb:
“Son günlər Tehranın həm Azərbaycan, həm də Ermənistan istiqamətində verdiyi mesajlar göstərir ki, İran regionda öz rolunu daha qabarıq şəkildə ortaya qoymağa çalışır. Bu, müəyyən mənada yeni xarici siyasət yanaşmasının formalaşdığını göstərir. Tehran artıq özünü bölgənin əsas güc mərkəzlərindən biri kimi təqdim etməyə çalışır.
Lakin hərbi və siyasi imkanların artması o demək deyil ki, qonşu dövlətlərin maraqları nəzərə alınmamalıdır. Bölgədə sabitliyin qorunması qarşılıqlı hörmət və etimad prinsiplərindən keçir. Dövlətlərin böyük və ya kiçik olmasından asılı olmayaraq, hər birinin öz maraqları, təhlükəsizlik prioritetləri və milli qüruru var”.
Politoloq hesab edir ki, İran əldə etdiyi nəticələri üstünlük kimi qiymətləndirsə belə, bundan sonra daha balanslı siyasət yürütməlidir:
“İranın regional statusu müəyyən qədər güclənə bilər. Lakin bu, regionun İran təhdidi ilə üz-üzə qalacağı anlamına gəlmir. Güclənən hər bir dövlət öz imkanları ilə yanaşı, məsuliyyət hissini də artırmalıdır. Tehran qonşularla münasibətlərdə ehtiyatlı davranmalı, keçmiş səhvlərindən nəticə çıxarmalı və əməkdaşlıq mühitinin qorunmasına çalışmalıdır.
Tarix göstərir ki, həqiqi güc yalnız hərbi imkanlarla ölçülmür. Qalib tərəfin davranışı, qonşularına münasibəti və regional sabitliyə verdiyi töhfə də onun nüfuzunu müəyyənləşdirən əsas amillərdəndir”.
Firuzə Əliyeva
