"iPhone" alışında 5 qızıl qayda: İşlənib-işlənmədiyini necə bilək?

Telefon alan şəxslərin qarşılaşdığı əsas problemlərdən biri də cihazın işlənib-işlənməməsidir. Bazarda yeni adı ilə satılan telefonların işlənmiş olmasına dair çoxlu şikayətlərə rast gəlirik.
Fırıldaqçılar telefonları elə görkəmdə təqdim edirlər ki, bəzən alıcılar onun işlənib-işlənmədiyini aydınlaşdıra bilmir.
Sfera.az xəbər verir ki, belə hallara daha çox qiyməti yüksək olan telefonların, xüsusən də “iPhone” markasına aid olan smartfonların satışı zamanı rast gəlinir.
Ekspertlər deyir ki, bu telefonları almadan əvvəl bir neçə sadə yoxlama üsulu ilə onların işlənmiş olub-olmadığını müəyyən etmək mümkündür.
İlk növbədə telefonun IMEI nömrəsi və seriya kodu yoxlanılmalıdır. Bunun üçün “Ayarlar” bölməsindən “Ümumi” və daha sonra “Haqqında” hissəsinə daxil olmaq kifayətdir. Ekranda görünən nömrələrin cihazın qutusunda və SIM kart yuvasında qeyd olunan məlumatlarla eyni olması vacibdir.
Daha dəqiq yoxlama üçün həmin seriya nömrəsi “Apple”ın rəsmi sistemində yoxlanıla bilər. Əgər sistem cihazı tanıyır və zəmanət məlumatlarını göstərirsə, bu, telefonun orijinal olduğuna işarədir. Əks halda, saxta cihaz ehtimalı artır.
“iPhone”un model nömrəsi də telefonun tarixçəsi barədə məlumat verir. Model nömrəsinin ilk hərfi cihazın vəziyyətini göstərir:
“M” - telefonun yeni və satış üçün buraxılmış cihaz olduğunu göstərir;
“F” - Apple tərəfindən yenilənmiş (refurbished) model deməkdir;
“N” - servis tərəfindən dəyişdirilmiş cihaz olduğunu bildirir;
“P” - xüsusi fərdiləşdirilmiş və ya üzərində dəyişiklik edilmiş modeldir.
Bundan əlavə, telefonun xarici görünüşünə də diqqət etmək lazımdır. Orijinal “iPhone” modellərində korpusun keyfiyyəti, düymələrin yerləşməsi, “Apple” loqosunun dəqiqliyi və kamera hissələrinin quruluşu yüksək standartlara uyğun olur.
Saxta cihazlarda isə çox vaxt plastik materiallardan istifadə edilir, telefon daha yüngül hiss olunur, düymələrin yerləşimi və digər detallarda fərqlər görünür.
Əməliyyat sistemi də ən vacib yoxlama nöqtələrindən biridir. Orijinal “iPhone”lar iOS sistemi ilə işləyir. Əgər cihazda “App Store” əvəzinə “Google Play” görünürsə və ya menyu “Android” sisteminə bənzəyirsə, bu, telefonun saxta olduğuna ciddi işarədir.
Həmçinin “Safari”, “Mesajlar”, “Fotoşəkillə”r kimi “Apple”a məxsus sistem tətbiqlərinin olub-olmaması yoxlanılmalıdır. Güc düyməsini uzun basaraq “Siri”ni aktivləşdirmək də cihazı test etməyin yollarından biridir. Siri əvəzinə başqa köməkçi açılırsa, telefonun orijinallığı şübhə altına düşür.
İkinci əl “iPhone” alarkən cihazın təmir görüb-görmədiyini də yoxlamaq vacibdir. Yeni iOS versiyalarında bəzi modellərdə “Parça və servis tarixçəsi” bölməsi vasitəsilə dəyişdirilmiş hissələr haqqında məlumat əldə etmək mümkündür.
Telefonun Wi-Fi, “Bluetooth”, “AirDrop” və “Apple Pay” kimi funksiyalarını da sınaqdan keçirmək lazımdır. Bu xidmətlərin problemsiz işləməsi cihazın orijinal olması barədə əlavə göstərici ola bilər.
Bütün yoxlamalara baxmayaraq şübhə qalırsa, ən etibarlı yol rəsmi servisə müraciət etməkdir. Mütəxəssislər cihazı xüsusi diaqnostika ilə yoxlayaraq onun bütün hissələrinin orijinal olub-olmadığını müəyyən edə bilərlər.
Mütəxəssislər xəbərdarlıq edib ki, bazarda həddindən artıq ucuz təklif olunan “iPhone”lara qarşı ehtiyatlı olmaq lazımdır. Çünki real qiymətindən xeyli aşağı satılan cihazlar çox vaxt saxta və ya problemli modellər ola bilər.
Bəsti Rəfizadə
