Putin İstanbul razılaşmasını xatırlatdı: Ukraynaya güzəşt olacaq?

Rusiya-Ukrayna müharibəsinin dördüncü ilinə yaxınlaşdığı bir vaxtda tərəflər arasında sülh danışıqları mövzusu yenidən gündəmə gəlib. Müharibənin uzanması, insan itkilərinin artması və iqtisadi nəticələrin dərinləşməsi beynəlxalq ictimaiyyəti diplomatik həll yolları axtarmağa sövq edir. Bu fonda Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqların 2022-ci ildə İstanbulda əldə olunmuş razılaşmalar əsasında davam etdirilə biləcəyi barədə açıqlaması diqqət çəkib. Bəzi ekspertlər bunu Moskvanın kompromisə hazır olduğunun siqnalı kimi dəyərləndirsələr də, digərləri Kremlin əvvəlki şərtləri yenidən gündəmə gətirməklə öz mövqeyini legitimləşdirməyə çalışdığını düşünür.
Bəs İstanbul razılaşması nədən ibarət idi və Putinin son bəyanatı Rusiyanın geri addım atması kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, 2022-ci ilin İstanbul razılaşması dedikdə Rusiya və Ukrayna arasında müharibənin ilk aylarında müzakirə olunan sülh çərçivəsi nəzərdə tutulur.

Onun sözlərinə görə, həmin sənədin əsas məntiqi Ukraynanın neytral status götürməsi, NATO-ya üzvlükdən imtina etməsi, əvəzində isə beynəlxalq təhlükəsizlik təminatları alması idi:
“Krımın statusunun ayrıca və uzunmüddətli danışıqlar predmetinə çevrilməsi, Donbas məsələsinin isə prezidentlər səviyyəsində müzakirə olunması da həmin çərçivədə yer alırdı. Putinin bu razılaşmaya qayıtması tam mənada geri çəkilmə kimi qiymətləndirilməməlidir. Əksinə, Moskva bununla danışıqlara hazır olduğunu göstərməklə yanaşı, Ukraynanı 2022-ci ildəki şərtlərə qaytarmağa çalışır. Lakin bu gün reallıq dəyişib: Rusiya yeni əraziləri öz tərkibinə qatdığını iddia edir, Ukrayna isə ərazi bütövlüyündən imtinanı qəbul etmir. Ona görə bu bəyanat diplomatik manevr kimi önəmlidir, amma yaxın zamanda real atəşkəs ehtimalını ciddi şəkildə artıran addım kimi görünmür”.
Firuzə Əliyeva

