Keçid balları ilə bağlı şayiələr: Real vəziyyət necədir?

Keçid balları ilə bağlı şayiələr: Real vəziyyət necədir?
Kateqoriya məlum deyil
T

Keçid balları hər il minlərlə abituriyentin taleyinə təsir edən ən vacib göstəricilərdən biri hesab olunur. Qəbul imtahanlarının nəticələri açıqlandıqca həm abituriyentlər, həm də valideynlər arasında ən çox müzakirə olunan məsələlərdən biri də keçid ballarında hansı dəyişikliklərin baş verəcəyidir. Xüsusilə sosial şəbəkələrdə müxtəlif ixtisaslar üzrə balların kəskin artacağı ilə bağlı səsləndirilən iddialar narahatlığı daha da artırır. Bəzi ekspertlər müəyyən istiqamətlər üzrə rəqabətin yüksələ biləcəyini istisna etməsələr də, yekun statistika formalaşmadan dəqiq proqnoz verməyin mümkün olmadığını bildirirlər.

Bəs bu il keçid ballarında artım gözlənilirmi və əgər belə bir artım olacaqsa, hansı ixtisaslar üzrə müşahidə edilə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Adil Vəliyev bildirib ki, keçid balları haqqında hələ nəsə demək çox tezdir.

Onun sözlərinə görə, hələ birinci qəbul imtahanının nəticələri açıqlanıb, amma ikinci qəbul imtahanının da nəticələri açıqlandıqdan sonra o statistik məlumatlar çıxır. O statistik məlumatlara baxıb, artıq bilmək olar ki, son vəziyyət nə yerdədir.

A.Vəliyev qeyd edib ki, indi sosial şəbəkələrdə ixtisas seçimi ilə məşğul olan, amma məlumatı olmayan çox adam ortaya çıxıb:

“Onlar da balların artması haqqında mütəmadi olaraq paylaşım edirlər, valideynləri də, abituriyentləri də həyəcanlandırırlar. Bu istər-istəməz ixtisas seçiminə də təsir edir. Çünki yüksək bal toplamış bir abituriyent düşünür ki, ballar çox qalxacaq və ona görə keçən ilin balına baxıb aşağı ballı ixtisaslar yazırlar. Bu da aşağı ballı ixtisasların artmasına səbəb olur və o bal aralığında olan abituriyentlərin universitetə qəbul ola bilməməsinə gətirib çıxara bilir.

Hazırda ən doğrusu yeni çıxacaq abituriyent jurnalının çap olunmasını, statistik məlumatların çıxmasını gözləməkdir. Yalnız son məlumatlar əsasındı hansı ixtisaslarda balların artacağını, hansılarda azala biləcəyini dəqiq söyləmək olar”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ