Universitetlərə keçid balları artacaq - PROQNOZ

Universitetlərə keçid balları artacaq - PROQNOZ
Kateqoriya məlum deyil
T

Azərbaycanda ali təhsil müəssisələrinin paytaxtda cəmləşməsi uzun illərdir həm nəqliyyat yükü, həm əhali sıxlığı, həm də regionların inkişafı baxımından müzakirə olunan məsələlərdən biridir.

Son günlər mövzu yenidən gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, universitetlərin Bakıdan regionlara köçürülməsindən daha məqsədəuyğun variant paytaxt universitetlərində tələbə kontingentinin mərhələli şəkildə azaldılmasıdır.

Nazir eyni zamanda regionlarda təhsil alan tələbələrin sayının artırılmasının nəzərdən keçirildiyini vurğulayıb.

Universitetlərin köçürülməsi, yoxsa Bakıda tələbə sayının azaldılması daha səmərəlidir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, hazırda ölkə üzrə təhsil alan tələbələrin sayı həm bakalavr, həm magistraturada 260 min nəfərdən çoxdur. Bunun üzərinə subbakalavrları, kollecdə təhsil alanları da əlavə edəndə ümumi təhsil alan tələbə sayısı hardasa təxminən 330-340 min civarına çatır. Bunların da böyük əksəriyyəti, demək olar ki, paytaxtda təhsil alan tələbələrdir. Onun sözlərinə görə, böyük universitetlərin də əksəriyyəti paytaxtdadır:

“Bura Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, İqtisadiyyat Universiteti, Texniki Universitet, Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və sair daxildir. Belə olduğu təqdirdə əlbəttə ki, həmin təhsil alanların paytaxtda olması bir qədər əhali sıxlığına, eyni zamanda nəqliyyata müəyyən qədər təsir göstərir. Biz bir müddət öncə paytaxtda təhsil müəssisələrinin kənara çıxarılmasını müzakirə edirdik. Amma görünən ondan ibarətdir ki, bunun bir o qədər də səmərəli olduğu artıq qərarlaşdırılmayıb. Yalnız bu qərar müzakirə olunur ki, biz paytaxtda olan təhsil müəssisələrini deyil, təhsil müəssisələrini saxlamaq şərtilə mövcud plan yerlərini azaldırıq. Belə olan halda, əlbəttə ki, tələbə sayının azalması, düşünürəm ki, daha səmərəli ola bilər. O baxımdan ki, biz bu qərarı almaqla bölgədə olan mövcud universitetlərin tələbə plan yerlərini artırırıq. Eyni zamanda, həmin bölgələrin iqtisadi və sosial inkişafı, o cümlədən turizm inkişafına müəyyən qədər töhfə vermiş oluruq. Bundan əlavə, paytaxtda olan təhsil müəssisələrində tədrisin keyfiyyətinin artımına, ən azı, töhfə vermiş oluruq”.

E.Əfəndi qeyd edib ki, hazırda Azərbaycanda 80-ə yaxın ölkədən 13 minə yaxın əcnəbi tələbə təhsil alır:

“İndi təsəvvürünüzə gətirin ki, bu qərardan sonra əgər biz təhsilin keyfiyyətini də artırarıqsa, bu, ölkəmizə əcnəbi tələbələrin axınına da təsir göstərə biləcək. Çünki əcnəbi tələbələr əsasən təhsil keyfiyyətinin yüksək olduğu ölkələrə üstünlük verirlər. Necə ki, biz məsələn, xaricdə təhsil almaqda maraqlıyıq – Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Yaponiya, Sinqapur və sair kimi ölkələrə üz tuturuq. Əgər bizdə də paytaxtda olan mövcud ali təhsil müəssisələrində plan yerlərini azaldıb yalnız keyfiyyətli təhsilə fokuslanarıqsa, o zaman bura əcnəbi tələbələrin də say baxımından artımına gətirib çıxarar ki, bu da paytaxtda yenə də həm turizm, həm sosial-iqtisadi inkişaf istiqamətində müsbət irəliləyişə gətirib çıxara bilər”.

Mütəxəssis nəzərə çatıdırıb ki, belə olan halda keçid balları arta bilər:

“Biz bu qərarı alarkən də digər amili düşünməliyik. Çünki əgər plan yerlərini mövcud paytaxtdakı ali təhsil müəssisələrində azaldarıqsa, bu, həmin ali təhsil müəssisələrində mövcud olan ixtisasların keçid ballarına da təsir göstərəcək. Tutaq ki, biz hüquq ixtisasına Bakı Dövlət Universitetində 500 nəfər qəbul edirdiksə, indi təsəvvürünüzə gətirin ki, biz 100 nəfər qəbul edirik. Qalan 400 tələbəni biz paylayırıq Qarabağ Universitetinə, Naxçıvan Dövlət Universitetinə və sair digər universitetlərə. Belə olan halda, artıq o 100 tələbə qəbulu aparıldığı üçün ixtisasın formalaşan keçid ballarından hardasa minimum 20-30, maksimum isə 50-60 bala qədər arta bilər. Yəni bu amil də mütləq nəzərə alınmalıdır. Bu isə gələcək rəqabətin olacağı anlamını verir”.

E.Əfəndi ali təhsil müəssisələrinin daşınmasının səmərəsizliyini də izah edib:

“Ümumilikdə paytaxt universitetlərinin bölgələrə daşınmağı səmərəsizdir. Çünki səmərəsiz olduğunu o baxımdan əsaslandırdım ki, təsəvvürünüzə gətirin, biz Memarlıq və İnşaat yaxud Texniki Universiteti çıxardırıq paytaxtdan kənara və yenidən bunu biz qurub yaradırıq. Ondansa məsələn, Şamaxıda bir Dövlət Universiteti açmaq daha məqsədəuyğundur, Ağdamda bir Dövlət Universitetinin açılması daha məqsədəuyğundur və yaxud deyək ki, Qubada Pedaqoji Universiteti filial olaraq yox, daha da böyüdüb bir kampus olaraq yaradıb Quba Dövlət Universitetini açmağımız daha məqsədəuyğundur. Necə ki, bu gün Lənkəran Dövlət Universitetində daha çox diqqət ayrılıb, infrastruktur baxımından yeniləmələr aparılır, düşünürəm ki, eyni prinsiplə biz digər bölgələrdə də yeni dövlət universitetləri yaratmağımız daha səmərəli olar. O baxımdan, təbii ki, plan yerlərinin azaldılmasına daha çox üstünlük vermək mənə görə də vacibdir”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ