Almaniya və Ukrayna anlaşdı: Yeni müdafiə sistemi istehsal olunacaq

Almaniya və Ukrayna anlaşdı: Yeni müdafiə sistemi istehsal olunacaq
Kateqoriya məlum deyil
T

Almaniya və Ukrayna ballistik raketlərlə mübarizə imkanlarını genişləndirmək məqsədilə yeni nəsil hava hücumundan müdafiə (HHM) sisteminin birgə yaradılmasını nəzərdə tutan strateji çərçivə sazişi imzalayıblar.

Sfera.az xəbər verir ki, sözügedən sənəd Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı və "Ramşteyn" formatında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası çərçivəsində rəsmiləşdirilib.

Ekspertlər bu addımı Berlinin Kiyevə hərbi dəstəyini sadəcə silah tədarükü səviyyəsindən çıxararaq, müdafiə sənayesi sahəsində birbaşa əməkdaşlıq müstəvisinə daşıyan mühüm mərhələ kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı açıqlama verən Almaniyanın müdafiə naziri Boris Pistorius müdafiə sənayesi müəssisələrinin yekun razılığı şərtilə ballistik raketlərə qarşı effektiv olacaq yeni nəsil sistemin hazırlanması üçün yaşıl işıq yandırıldığını bildirib. Nazir layihəyə bir neçə iri alman müdafiə şirkətinin böyük maraq göstərdiyini vurğulayıb. Prosesin hələ başlanğıc mərhələsində olduğunu qeyd edən Pistorius, sənaye tərəfdaşları arasında əldə olunacaq yekun uzlaşmanın kritik əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Rusiyanın Ukraynanın infrastruktur obyektlərinə yönəlmiş intensiv ballistik raket hücumları fonunda Kiyev uzun müddətdir ki, müttəfiqlərindən hava hücumundan müdafiə dəstəyi tələb edirdi. Bu tərəfdaşlıq Ukrayna üçün cari ehtiyacların qarşılanmasından daha çox, uzunmüddətli strateji hərbi potensialın qazanılması mənasına gəlir.

Almaniya şirkətləri ilə Ukrayna arasında qurulacaq bu ortaqlıq sayəsində ərsəyə gələcək yeni sistemin hazırda mövcud olan hava hücumundan müdafiə texnologiyalarının sərhədlərini aşması hədəflənib.

Hələlik layihə çərçivəsində istehsal ediləcək sistemin tam texniki göstəriciləri, maliyyə xərcləri və ordunun inventarına daxil olacağı dəqiq tarix barədə rəsmi qrafik açıqlanmayıb. Bununla belə, layihənin tamamilə ballistik raket təhdidlərinə qarşı xüsusi olaraq hazırlanacağı bildirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ