Ukraynaya 4 milyard dollar ayrılacaq

Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiq ölkələrin Kiyevə ümumilikdə 4 milyard dollar dəyərində yeni hərbi və maliyyə dəstəyi paketi ayırdığını bəyan edib.
Sfera.az xəbər verir ki, dövlət başçısı bu barədə Avropadakı diplomatik təmaslarından sonra keçirdiyi brifinqdə məlumat verib.
Brüsseldə keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun iclasında iştirak etdiyini bildirən Zelenski, görüşün ölkəsi üçün kifayət qədər məhsuldar keçdiyini vurğulayıb. O, həmçinin Fransada baş tutan G7 Zirvəsi və Avropa İttifaqı Liderlər Sammiti çərçivəsində apardığı danışıqların Ukrayna üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşlərin yekunu olaraq müttəfiqlərin Ukrayna üçün 4 milyard dollarlıq yeni yardım paketi açıqladığını deyən Zelenski, bu dəstəyin ölkənin müdafiə potensialını ciddi şəkildə gücləndirəcəyini və Rusiyanın hücumlarına qarşı dirənişi artıracağını diqqətə çatdırıb.
Prezident eyni zamanda "Ukraynanın Prioritet Ehtiyacları Siyahısı" proqramı çərçivəsində də önəmli addımların atıldığını, 9 ölkənin bu proqrama təxminən 1 milyard dollar maliyyə dəstəyi verdiyini bildirib. Bu mexanizmin Ukraynanın təxirəsalınmaz müdafiə ehtiyaclarının ödənilməsində kritik rol oynadığı vurğulanıb.
Diplomatik cəbhədəki digər mühüm yeniliklərə toxunan Zelenski, Kanada və Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə başladığını, Avropa İttifaqının isə Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul etmək ərəfəsində olduğunu qeyd edib.
Bəsti Rəfizadə
