Azərbaycan Çin məhsulları ilə dolur: İdxalda ciddi dəyişikliklər baş verir

Son illərdə Azərbaycana Çindən mal idxalı sürətlə artır. Dövlət Statistka Komitəsinin rəsmi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Çindən idxalın həcmi 1,474 milyard dollara çatıb ki, bu da Türkiyə və Rusiyadan idxalın cəminə bərabərdir. Bu ilin ilk 4 ayında cəmi idxalın 27 faizi Çinin payına düşüb.
Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycana idxalın 10 faizdən az hissəsi Çinin payına düşürdü. Ötən qısa müddətdə Çindən idxalın sürətlə artması hesabına Çinin cəmi idxalda payı da xeyli artıb.
Maraqlıdır, Çindən idxalın sürətlə artması nə ilə bağlıdır?
Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Asif İbrahimovun fikrincə, idxalın artması bir sıra amillərlə bağlıdır.
O bildirib ki, Çindən idxalın son illərdə sürətlə artmasının əsas səbəbi ilk növbədə Çinin dünyanın ən böyük istehsal və ixrac mərkəzi olması, həm qiymət, həm də məhsul çeşidi baxımından digər bazarlarla müqayisədə daha rəqabətli mövqeyə sahib olmasıdır:
“Yəni, ən ucuz, ən keyfiyyətli və ən böyük miqdarda məhsulu ən rahat formada Çin bazarında əldə edə bilirsiniz. Məsələn, Azərbaycandan götürək. Tutaq ki, sahibkar hansısa bir kostyumun istehsalını həyata keçirmək istəyir. Oturur, hesablayır, maya dəyərini müəyyən edir və görür ki, bu məhsulun istehsalı burada, deyək ki, 95 manata başa gəlir. Amma eyni məhsulu Çindən 25 manata əldə edə bilirsə, burada hansısa bir istehsalı həyata keçirməyə maraq göstərmir. Gedib birbaşa daha ucuz yekun məhsulu alır, ölkəyə gətirir və satmağa başlayır, hətta müəyyən gəlir də əldə edir. Biz Azərbaycanda nəyi istehsal ediriksə, niyə baha başa gəlir? Çünki xərclərimiz, maya dəyərimiz yüksəkdir. Türkiyədə də, Rusiyada da eyni vəziyyət mövcuddur. Hazırda bütün istiqamətlərdə ən optimal variant Çin bazarıdır. Eyni vəziyyət avtomobil bazarında da baş verir. Çin avtomobilləri tanınmış markaları sıxışdırırlar. Çünki ucuz xammal, eyni zamanda ixrac mərkəzi olması səbəbindən digər ölkələrin məhsulları nə keyfiyyət baxımından, nə qiymət baxımından, nə də həcm baxımından onlarla rəqabət apara bilmir”.

İqtisadçı digər mühüm amilin logistika imkanlarının genişlənməsi ilə bağlı olduğunu bildirib:
“Əvvəllər alternativlər çox az idi, amma artıq bir sıra daşıma və logistika imkanları mövcuddur. Məsələn, əvvəllər məhsullar əsasən dəniz yolu ilə Çin limanlarından digər ölkələrin limanlarına daşınırdı. Bəzi hallarda isə multimodal dəmir yolu və dəniz marşrutlarından istifadə olunurdu. Amma artıq indi Orta Dəhlizin əhəmiyyəti ön plana çıxıb. Çin, Qazaxıstan, Xəzər dənizi və Bakı limanı vasitəsilə Azərbaycana uzanan logistika imkanları mövcuddur. Düşünürəm ki, bu marşrutun əhəmiyyəti artdıqca, daşımaların həcmi də daha da yüksələcək. Bildiyiniz kimi, Orta Dəhliz amili var ki, Çinlə Avropa arasında məhsulların tədarükü ənənəvi formada təxminən 18-20, bəzən 25 gün, hətta bir aya qədər çəkirdi. Amma Orta Dəhliz öz aktuallığını artırdıqca, Çindən Avropaya 6-11 gün ərzində yüklərin çatdırılması mümkün olacaq. Düşünürəm ki, bu axının qarşısında Çindən tədarük edilən və idxal olunan malların sayı daha da çoxalacaq. Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər də, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra ticarət marşrutlarının yenidən formalaşması və bir sıra ölkələrdə istehsal xərclərinin artması Çin məhsullarının rəqabət üstünlüyünü daha da gücləndirdi. Bir çox hallarda Azərbaycan şirkətləri Türkiyə və Avropa bazarları ilə müqayisə etdikdə daha sərfəli olan Çin məhsullarını seçirlər.
Belə olduğu halda, ilkin olaraq nəzərdən keçirilməli məsələ qiymət faktorudur. İkinci məsələ həcm faktorudur. Üçüncü məsələ isə artıq keyfiyyət amilidir. Sovet dövründə “kitayski” anlayışı var idi, amma artıq bu yanaşma dəyişib. Keyfiyyət meyarları da ön plana çıxıb. Amma məndən soruşsanız ki, müəyyən riskləri varmı? Bəli, risklər təbii ki, həmişə var. İdxalın bu sürətlə artması böyük risklər yaradır. Bir ölkədən asılılığın yüksəlməsi xarici ticarət balansına və yerli istehsalın rəqabət qabiliyyətinə ciddi təsir göstərə bilər. Buna görə də paralel olaraq yerli sənayenin inkişafı həyata keçirilməli, idxalı əvəz edən istehsalın təşviqi və ixrac potensialının artırılması ön plana çıxarılmalıdır. Yəni, Azərbaycanda fəaliyyət göstərən orta statistik sahibkarlıq subyekti hər hansı məhsulu istehsal etmək istəyəndə bu, baha başa gəlməməlidir. Elə bir şərait yaratmalıyıq ki, ucuz, keyfiyyətli və ixrac qabiliyyəti olan məhsulların istehsalını həyata keçirə bilək”.
Bəsti Rəfizadə

