Bezos: "Süni intellekt işçi qıtlığı yaradacaq"

Bezos: "Süni intellekt işçi qıtlığı yaradacaq"
Kateqoriya məlum deyil
T

“Amazon” və "Blue Origin" kosmik şirkətinin qurucusu, amerikalı milyarder Ceff Bezos süni intellektin iş yerlərini azaltmaq əvəzinə, işçi qüvvəsi çatışmazlığı yaradacağını iddia edib.


Sfera.az xəbər verir ki, süni intellektin qlobal əmək bazarına təsirləri böyük maraq və narahatlıqla izlənildiyi bir vaxtda, milyarder Parisdə keçirilən “VivaTech 2026” sərgisində mühüm bəyanatlarla çıxış edib.


Süni intellektin insanların işlərini əlindən alacağı ilə bağlı qorxulardan xəbərdar olduğunu bildirən Bezos, bu fikirlərlə qətiyyən razılaşmadığını vurğulayıb:


"Mən tamamilə əksini düşünürəm. Süni intellekt işçi qüvvəsi çatışmazlığına yol açacaq. Çünki bu texnologiya insanların daha çox problemi vaxtında təsbit etməsinə şərait yaradacaq".


İxtira olunacaq sonsuz sayda ideyanın mövcudluğunu diqqətə çatdıran Bezos, hazırda bəzi məhdudiyyətlərlə qarşılaşdıqlarını qeyd edib: "Bizi xəyal gücümüz deyil, edə biləcəklərimizin hüdudları məhdudlaşdırır".


O, insanların bir çox ideyasının icrası çətin olduğu üçün kağız üzərində qaldığını, lakin süni intellekt sayəsində bu proseslərin sürətlənəcəyini və layihələrin reallığa çevriləcəyini bildirib.


Kosmik sənayedəki inkişaf templərinə də toxunan milyarder, bu sahədə ən böyük problemin tələb deyil, tədarük (əlçatanlıq) qeyri-kafiliyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə inkişafın qarşısındakı ən böyük maneə kosmosa çıxışın məhdud olması olacaq.


Bezos Ayın kosmik hədəflər üçün mühüm bir "ilk addım" olduğunu qeyd edərək:"Biz Aya sadəcə qonaq kimi baş çəkməyə yox, orada daimi qalmağa gedirik", -deyə əlavə edib.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ