Maskdan 60 milyard dollarlıq yatırım

Maskdan 60 milyard dollarlıq yatırım
Kateqoriya məlum deyil
T

Dünyanın ən varlı iş adamlarından biri olan İlon Mask növbəti dəfə texnologiya sektorunda diqqət mərkəzinə düşüb.

Sfera.az xəbər verir ki, onun rəhbərlik etdiyi SpaceX şirkəti məşhur süni intellekt proqramlaşdırma aləti Cursor-un yaradıcısı olan Anysphere startapını 60 milyard dollar dəyərində satın aldığını rəsmən təsdiqləyib. Məlumata görə, sövdələşmənin dəyəri tam şəkildə SpaceX səhmləri ilə ödəniləcək. Bu, süni intellekt sənayesinin tarixində ən böyük satınalmalardan biri hesab olunur. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim olunan sənədlərə əsasən, SpaceX-in törəmə şirkəti olan X67 Inc. Cursor ilə birləşdiriləcək.

Müqavilə tamamlandıqdan sonra Cursor SpaceX-in tam nəzarətində olan törəmə şirkət kimi fəaliyyətini davam etdirəcək. Sövdələşmənin 2026-cı ilin üçüncü rübündə bütün tənzimləyici qurumların təsdiqindən sonra yekunlaşacağı gözlənilir. Mütəxəssislər hesab edirlər ki, bu addım İlon Maskın süni intellekt sahəsindəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Xüsusilə proqram kodlarının yazılması və optimallaşdırılması istiqamətində Cursor-un imkanları xAI üçün böyük üstünlüklər yarada bilər. İndiyədək Maskın süni intellekt modeli Grok proqramlaşdırma sahəsində OpenAI, Anthropic və Google kimi rəqiblərdən geri qalırdı. Cursor isə qısa müddətdə proqramçılar arasında ən populyar və sürətlə böyüyən AI alətlərindən birinə çevrilərək bazarda mühüm yer tutub.

İlon Mask daha əvvəl verdiyi açıqlamalarda Grok-un yeni versiyalarının Cursor məlumatları üzərində təlim keçdikdən sonra nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini bildirmişdi. Cursor-un yaradıcısı 25 yaşlı amerikalı sahibkar Maykl Trueldir. O, Anysphere şirkətini 2022-ci ildə təsis edib və qısa müddətdə süni intellekt əsaslı proqramlaşdırma alətini qlobal bazarda tanınan məhsula çevirib. Maraqlıdır ki, SpaceX ilə müqavilə elan edilməzdən əvvəl şirkət Andreessen Horowitz, Thrive Capital və Nvidia kimi investorların iştirakı ilə 50 milyard dollar dəyərində qiymətləndirmə əsasında 2 milyard dollarlıq investisiya cəlb etməyə hazırlaşırdı.

Ekspertlərin fikrincə, Cursor-un alınması yalnız SpaceX və xAI üçün deyil, ümumilikdə süni intellekt bazarı üçün mühüm dönüş nöqtəsi ola bilər. Son illərdə AI əsaslı proqramlaşdırma alətləri texnologiya sektorunun ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilib. 60 milyard dollarlıq bu sövdələşmə İlon Maskın OpenAI və Google kimi texnologiya nəhəngləri ilə rəqabətdə mövqeyini daha da gücləndirə və süni intellekt sahəsində yeni güc balansı formalaşdıra bilər.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ